Vyetnamın “Petrovietnam” dövlət neft-qaz şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın genişləndirilməsinə ümid edir və mayın 7-də Bakıda imzalanmış sazişləri öz inkişaf strategiyasının həyata keçirilməsində növbəti addım kimi qiymətləndirir.
Bu barədə “Report” “Petrovietnam”ın bəyanatına istinadən xəbər verir.
Şirkətin məlumatına görə, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində mayın 7-də iki ölkə arasında əməkdaşlıq haqqında sənədlərin mübadiləsi mərasimi keçirilib.
Bunların arasında “Petrovietnam” və onun törəmə strukturları ilə Azərbaycan tərəfi arasında enerji sahəsində imzalanmış sazişlər var. Xüsusilə buraya “Petrovietnam” ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında neftin kəşfiyyatı və hasilatı, neft-qaz sektorunda texniki xidmətlərin göstərilməsi, həmçinin kadrların hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu daxildir.
Bundan əlavə, “Petrovietnam”ın törəmə şirkəti olan “Binh Son Refining and Petrochemical” (BSR) ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi “Dung Quat” neft emalı zavoduna xam neftin uzunmüddətli tədarükü üzrə memorandum mübadiləsi ediblər. Sənəd daha əvvəl BSR, “Vietnam Oil Corporation” (PVOIL – “Petrovietnam”ın törəmə şirkəti) və “SOCAR Trading Singapore” arasında imzalanmışdı.
Məlumatda qeyd olunub ki, “Petrovietnam”ın Azərbaycanla əməkdaşlığı təhsil sahəsini də əhatə edir.
"2010-cu ildən bəri “Petrovietnam” və Azərbaycan Milli Neft Akademiyası nəzdində Neft Geotexnologiyası və Kimya Elmi-Texniki İnstitutu Azərbaycan və Vyetnamda texniki personal üçün 27 təlim proqramı təşkil edib. 2025-ci ildə “Petrovietnam” mütəxəssisləri üçün Vyetnamda qazma texnologiyaları üzrə kursun keçirilməsi planlaşdırılır", - bəyanatda bildirilib.
Vyetnam KİV-nin məlumatına görə, mayın 7-də “Petrovietnam” nümayəndə heyəti həmçinin SOCAR ilə işgüzar görüş keçirib və görüş zamanı gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
"Tərəflər “Dung Quat” neft emalı zavoduna uzunmüddətli neft tədarükü, neft-kimya sahəsində əməkdaşlıq, birgə tədqiqatlar və təlim məsələlərinə xüsusi diqqət yetiriblər.
“Petrovietnam”ın baş direktorunun müavini Le Man Kıong ümidvardır ki, “Petrovietnam” və SOCAR məsələləri, həmçinin potensial əməkdaşlıq istiqamətlərini razılaşdırmağa davam edəcək. Eyni zamanda, yaxın vaxtlarda əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün konkret addımların hazırlanması məqsədilə birgə işçi qrup yaradacaqlar", - bəyanatda vurğulanıb.