Sabunçu rayonu 295 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Vətənə, xalqa həsr edilən ömür” adlı tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Azər Allahverənov çıxış edərək, Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələrinin Ulu Öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olduğundan, bu gün azad və firavan yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulduğundan danışıb.
Məktəbin direktoru Dilarə Cəbrayılova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasından bəhs edərək, Ümummilli lider Heydər Əliyevin “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” sözlərindən sitat gətirib.
Sonda məktəbin müəllim və şagirdlərinin çıxışları dinlənilib, tədris ili ərzində səmərəli fəaliyyət göstərmiş müəllimlərə Fəxri fərmanlar təqdim edilib.










