AZ

Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO

Beynəlxalq
2–4 may 2025-ci il tarixlərində İçərişəhər ərazisində möhtəşəm Beynəlxalq Xalça Festivalı keçirildi. Festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə reallaşdı. 1news.az xəbər verir ki, festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq miqyasda tanıtmaq, bu qədim sənət növünün zəngin irsini və müasir inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrin xalçaçılıq ənənələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq idi.
Tədbirin ilk günü – 2 may tarixində təşkil olunan Beynəlxalq Xalça Forumu bu sahədə çalışan yerli və xarici mütəxəssisləri bir araya gətirdi. Forumda Özbəkistan, Türkmənistan, Albaniya, Almaniya, İngiltərə, Latviya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Yaponiya, İspaniya və digər ölkələrin nümayəndələri iştirak edirdi. 200-dən çox iştirakçı – sənətşünaslar, xalçaçı ustalar, tələbələr və incəsənət xadimlərinin iştirak etdiyi Forumda Azərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəni irsindəki yeri haqqında geniş təqdimatlar yer alıb. 3 və 4 may tarixlərində isə İçərişəhərin qədim küçə və meydanlarında festival bayram ab-havasında davam etdi. Qədim karvansaraylar, Qoşa Qala meydanı və digər məkanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və konsert proqramlarına ev sahibliyi etdi. İştirakçı ölkələrin milli pavilyonları qurularaq ziyarətçilərə müxtəlif xalçaçılıq məktəbləri, texnikaları və ənənələri nümayiş etdirildi. Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstanın nümayəndələrinin iştirakı ilə reallaşan festival, Azərbaycan xalça sənətinin özünəməxsusluğunu və estetik zənginliyini beynəlxalq auditoriyaya tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdı. Festival müddətində yalnız İçərişəhərin bəzədilməsində “Azərxalça” ASC tərəfindən hazırlanmış 400-dən artıq xalçadan istifadə olundu. Minlərlə insan bu günlər ərzində festivalı izləmək üçün İçərişəhərə təşrif buyurdu ki, bu da tədbirin həm yerli, həm də beynəlxalq miqyasda böyük maraq doğurduğunu nümayiş etdirdi. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa festivalda fəxri qonaq qismində iştirak ediblər. Həmçinin Milli Məclis üzvləri, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və diplomatlar tədbirdə yer alıblar. Festivalın təşkilatçıları ilə yanaşı, tərəfdaş qurumlar – “Bakı şəhər halqası”, “Baku Steel Company”, “Kontakt” və “Gəncə Avtomobil Zavodu” da tədbirin ümumi konseptinə uyğun xüsusi təqdimat guşələri ilə çıxış edərək festivalın atmosferini daha da rəngarəng ediblər. Azərbaycan xalçaçılıq sənətinin qədim tarixindən müasir dövrə uzanan inkişaf yolunu nümayiş etdirən Beynəlxalq Xalça Festivalı, ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı, İçərişəhərin tarixi mühitində bu cür genişmiqyaslı tədbirlərin uğurla təşkil oluna biləcəyini bir daha sübut etdi.
Seçilən
0
2
1news.az

3Mənbələr