ABŞ və Yəmənin “Ənsar Allah” hərəkatından olan üsyançı husilər arasında atəşkəs Oman Sultanlığının vasitəçiliyi ilə əldə edilib...
“Report” xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl Busaidi bəyan edib.
Onun sözlərinə görə, əldə edilən razılaşmaya əsasən Husilər Babül-Məndəb boğazından keçən ABŞ gəmilərinə hücumları dayandıracaq. Nazir əlavə edib ki, tərəflər bir-birinə hücum etməyəcəklərini və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edəcəklərini vəd ediblər:
“Son müzakirələr və təmaslardan sonra gərginliyin azaldılması səyləri iki tərəf arasında atəşkəs razılaşması ilə nəticələnib”.
Qeyd edək ki, martın 15-dən ABŞ Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən husilərin hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığından bildirilib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyıb. Buna cavab olaraq husilər Qırmızı dənizin şimalında “Harry Truman” təyyarədaşıyan gəmisinə bir sıra hücumlar həyata keçirib.
Poliqon.info