Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün kiçik qrant müsabiqəsinin qalibi olan Azərbaycan Aşıqlar Birliyində “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı yeni layihənin icrasına hazırlıq işləri görülür.
2024-cü ildə uğurla həyata keçirilmiş “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihənin bir növ davamı kimi nəzərdə tutulan bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşlərində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir. Layihədə əsas diqqət Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldiləcək.
Burada yaradılmış və aşıqların repertuarında zaman-zaman mühüm yer tutmuş dastanlar kitab halında nəşr olunaraq saz-söz ictimaiyyətinə çatdırılacaq ki, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaransın, həm də aşıqlar, xüsusilə də gənc aşıqlar bu dastanlarla yaxından tanış olmaq imkanı qazansınlar.