Məlum olduğu kimi, Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiya paytaxtı Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Deputata bu ölkəyə girişinə qadağa qoyulduğu bildirilib, üstəlik, bu addıma hər hansı izahatın verilmədiyi vurğulanıb.
Maraqlı məqam odur ki, deputat cəmi 10 gün əvvəl Rusiya Federasiyasının Dağıstan bölgəsində səfərdə olub və o zaman heç bir məhdudiyyətlə üzləşməyib. Bu hal Rusiya tərəfindən qoyulmuş qadağanın yeni və qəfil qərar olduğunu deməyə əsas verir.
Rusiya tərəfinin dəvəti və Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-cü ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Həştərxan vilayətinə səfər edib. A.Badamovun da həmin nümayəndə heyətinə daxil olduğu qeyd edilir. Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı bildirib: “Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb”. Əlavə edilib ki, məsələ ilə əlaqədar dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. “Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik”. Belə fikirlər də səslənir ki, Azər Badamova Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı dediklərinə cavab olaraq Rusiyaya giriş qadağan edilib. Valuyev də, öz növbəsində, Azərbaycanda “qara siyahı”ya düşüb. Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın bu addımını Azər Badamovun Dövlət Dumasının bəzi deputatlarının əsassız ittihamlarına verdiyi cavablarla əlaqələndirib: “Rusiya tərəfi, Dövlət Dumasının bəzi deputatları tez-tez Azərbaycanın ünvanına hansısa qərəzli mənfi fikirlər, əsassız ittihamlar səsləndirir. Təbii ki, Azərbaycan da buna mütləq cavab verməlidir. Bu istiqamətdə hansı ölkə deputatlarının daha çox açıqlama verdikləri barədə müqayisə aparsaq, rusiyalı deputatların Azərbaycan deputatları ilə müqayisədə dəfələrlə buna getdiklərinin şahidi ola bilərik. Yəni Rusiyanın ölkəmizə qarşı atdığı addımları tənqid etdiyinə, ona cavab verdiyinə, Dövlət Duması deputatının işlətdiyi düzgün olmayan ifadələrə görə, Azərbaycan deputatının reaksiya verməsi Moskva tərəfindən belə qəbul edilməli deyil. Görünür, onlar azərbaycanlı deputatların zaman-zaman belə açıqlamalar verməsindən narahatlıq keçirirlər. Amma hesab edirəm ki, onlar ilk növbədə özlərinin verdikləri açıqlamalara, atdıqları addımlara baxsalar, daha yaxşı olar. Mövcud gərginlik zamanı hansı deputatlarımız ki, Rusiya tərəfinə cavab verib, onların adları da qara siyahıya salınıb. Sanki Rusiya tərəfi nə istəsə, deyə bilər, Azərbaycan tərəfi isə heç nə deməməlidir. Amma bu qəbuledilməz və yolverilməzdir”. Deputat düşünür ki, Rusiyanın bu hərəkəti iki ölkə arasında münasibətlərə xələl gətirən addımdır: “Azərbaycan özünə hörmət edən bir dövlətdir və ölkəmiz belə məsələlərə hər zaman reaksiya verib və verəcək. Çünki dövlətimizi və dövlətçiliyimizi müdafiə edirik. Ona görə də bu məsələdə hər kəs diqqətli olmalıdır”.
Bütün bunlar o fonda baş verir ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda dostluqdan bəhs olunur: “Əminəm ki, Azərbaycanla Rusiya arasında bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq”. Bunun ardınca Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfər edib, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilib. Bunların ardınca Rusiyada Azərbaycana qarşı anlaşılmaz addım atılır. Özü də ki, Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün qonşu ölkəyə səfər edib. Lakin heyətin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Ona rəsmən bildirilib ki, Rusiya ərazisinə girişinə qadağa qoyulub. Bu zaman hətta adi etiket qaydaları kobudcasına pozulub. Çünki əvvəldən Azər Badamova bu xüsusda hansısa xəbərdarlıq olunmayıb. Halbuki, Azərbaycan, məsələn, Nikolay Valuyevlə bağlı mövqeyini əvvəldən açıqalyıb. İndi Rusiya bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən danışırsa, bu kimi addımlar yolverilməzdir. Heab edilir ki, Kremldə müəyyən qüvvələr Moskvanı Azərbaycanla üz-üzə qoymağa çalşırlar. İndiki halda bundan ən çox itirən tərəf isə Rusiyanın özü olacaq.
Samirə SƏFƏROVA