AZ

Azər Badamovun Rusiyadan deport edilməsinin səbəbi bəlli oldu – SENSASİON DETALLAR

Xəbər verdiyimiz kimi, mayın 4-də Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb. O, bir çox deputat həmkarları ilə birlikdə Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Həştərxana səfər etməli idi.

Lakin Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?


Görəsən, Kremlin azərbaycanlı deputata qarşı atdığı bu addım nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın bu addımını Azər Badamovun Dövlət Dumasının bəzi deputatlarının əsassız ittihamlarına verdiyi cavablarla əlaqələndirib:

“Rusiya tərəfi, Dövlət Dumasının bəzi deputatları tez-tez Azərbaycanın ünvanına hansısa qərəzli mənfi fikirlər, əsassız ittihamlar səsləndirir. Təbii ki, Azərbaycan da buna mütləq cavab verməlidir. Bu istiqamətdə hansı ölkə deputatlarının daha çox açıqlama verdikləri barədə müqayisə aparsaq, rusiyalı deputatların Azərbaycan deputatları ilə müqayisədə dəfələrlə buna getdiklərinin şahidi ola bilərik. Yəni Rusiyanın ölkəmizə qarşı atdığı addımları tənqid etdiyinə, ona cavab verdiyinə, Dövlət Duması deputatının işlətdiyi düzgün olmayan ifadələrə görə, Azərbaycan deputatının reaksiya verməsi Moskva tərəfindən belə qəbul edilməli deyil.

Görünür, onlar azərbaycanlı deputatların zaman-zaman belə açıqlamalar verməsindən narahatlıq keçirirlər.

Amma hesab edirəm ki, onlar ilk növbədə özlərinin verdikləri açıqlamalara, atdıqları addımlara baxsalar, daha yaxşı olar. Mövcud gərginlik zamanı hansı deputatlarımız ki, Rusiya tərəfinə cavab verib, onların adları da qara siyahıya salınıb. Sanki Rusiya tərəfi nə istəsə, deyə bilər, Azərbaycan tərəfi isə heç nə deməməlidir. Amma bu qəbuledilməz və yolverilməzdir”.

C.Məmmədov düşünür ki, Rusiyanın bu hərəkəti iki ölkə arasında münasibətlərə xələl gətirən addımdır:

“Azərbaycan özünə hörmət edən bir dövlətdir və ölkəmiz belə məsələlərə hər zaman reaksiya verib və verəcək. Çünki dövlətimizi və dövlətçiliyimizi müdafiə edirik. Ona görə də bu məsələdə hər kəs diqqətli olmalıdır”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
0
5
bizim.media

6Mənbələr