Sea Breeze

Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyən “INMerge Innovation Summit” fəaliyyətinin növbəti addımı olaraq ölkəxarici tədbirlə davam etdi. 29 aprel 2025-ci il tarixində İstanbul şəhərinin mərkəzində keçirilən bu tədbir “Tenity” şirkəti ilə tərəfdaşlıq çərçivəsində baş tutub.

Tədbirin əsas məqamı Türkiyənin ən ümidverici startaplarını nümayiş etdirmək üçün təşkil olunan “INbattle” startap müsabiqəsi oldu. 50-dən çox startapın müraciət etdiyi müsabiqəyə böyük maraq göstərildi. Seçim prosesindən sonra yalnız 10 startap həllərini münsiflər heyətinə təqdim etmək üçün seçildi, onlardan bir startap qalib gəldi. 200-ə yaxın iştirakçının, o cümlədən aparıcı sahibkarların, investorların və ekosistem iştirakçılarının bir araya gəldiyi tədbir korporativ innovasiya, startapların inkişafı və investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühit təqdim edib. Bundan əlavə, sözügedən tədbir seçilmiş startaplar üçün 29 və 30 sentyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək “INMerge” İnnovasiya Sammiti tədbirində iştirak etmək imkanı təqdim edən dinamik bir platforma rolunu oynayıb.

Tədbirin digər əsas məqamlarından biri “Bellamy Alden AI Consulting” şirkətinin tərəfdaşı və süni intellekt üzrə transformasiya mütəxəssisi Fahed Bizzarinin çıxışı oldu. O, “Süni intellektin inkişaf edən ekosistemi və onun investisiya strategiyalarına təsiri” mövzusunda fikirlərini bölüşdü. Daha sonra tədbir “Türkiyə növbəti innovasiya mərkəzi kimi: Strategiyadan miqyaslanmaya” adlı panel müzakirəsi ilə davam etdi. Paneldə Türkiyə və regionun innovasiya mühitinin aparıcı nümayəndələri çıxış etdilər: Yeliz Erinçkan – “Sabancı” ARF rəhbəri, strategiya və innovasiya direktoru, Itır Ürünay Aydoğan – “Yapı Kredi”də ekosistem bankçılığı və innovasiya direktoru, Sabina Babayeva – “Tenity” şirkətinin İstanbul hab rəhbəri, Enis Hulli – E2VC-nin tərəfdaşı, eləcə də Ahmet Cüneyt Selçuk – Türkiyə Prezidentliyi yanında investisiya ofisində maliyyə investisiyaları bölməsinin meneceri.

Qeyd edək ki, Türkiyə və Gürcüstandan əlavə, “PAŞA Holding” “INMerge” İnnovasiya Sammitinin digər ölkələrdə də regional tədbirlərinin keçirilməsini planlayır. Eləcə də, əsas tədbir Bakıda sentyabr ayında baş tutacaq və ətraflı məlumat bir müddət sonra paylaşılacaq.

Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanına keçid edə bilərsiniz.

ETX
ETX
ETX