AZ

“Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” -Fotolar



Mayın 5-də Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Konfans iştirakçıları BDU-nun Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını da ziyarət ediblər.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik irsindən bəhs edən videosüjet nümayiş olunub.

BDU rektoru Elçin Babayev konfransın Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyasının 30, tariximizə qızıl hərflərlə yazılmış böyük Qələbəmizin 5 illiyi münasibətilə, “Konstitusiya və Suverenlik İli”ndə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Konfrans Ulu Öndər Heydər Əliyevin tükənməyən siyasi irsinin, qüdrətli Azərbaycan dövlətinin qurulması üçün Ümummilli Lider tərəfindən formalaşdırılan əsasların öyrənilməsi və tədqiqi istiqamətində əldə edilən nəticələrin müzakirəsi baxımından xüsusi önəm daşıyır: “Xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, müstəqilliyə gedən yolun təməllərini formalaşdırdığını, soy-kökümüzə, milli adət-ənənələrimizə qayıdış prosesinin böyük çətinliklə ilk cığırlarını açdığını çox yaxşı dərk edir və qiymətləndirir. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin inanılmaz səyləri ilə keçmiş sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində inanılmaz uğurlara imza atıldı. Sonralar - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltdi. Ölkəmiz parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqımızın yenidən nicatı oldu. Xalqın tələbi ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq, xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün böyük layihələr həyata keçirildi. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Yenidən əldə edilən müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində titanik işlər görüldü. İllər sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri həmin dövrdə atıldı. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək, ölkəmizi dünyanın modern və qüdrətli dövlətlərindən birinə çevirdi, müqəddəs ata vəsiyyətini, xalqımızın ən ülvi arzusunu şərəflə yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi”.

Rektor diqqətə çatdırıb ki, Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi də bütün xalqımız kimi, hər zaman Ümummilli Liderin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir, onun zəngin siyasi irsinin tədqiqi və gənc nəslə ötürülməsi istiqamətində əlindən gələni əsirgəmir. BDU-da Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində hərtərəfli fəaliyyət aparılır. Ulu Öndər Heydər Əliyevin anadan olmasınının 102-ci ilində Universitetin 102 əməkdaşı və 100-dən çox tələbəsi YAP sıralarına qəbul edilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə bildirib ki, Ümummilli Lider Heydər Əliyev zəngin dövlətçilik irsi və mütərəqqi ideyaları ilə əbədiyaşarlıq qazanıb. Onun sözlərinə görə, müdrik dövlət xadimi sovet dövründə Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına nail olub, gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb: “Heydər Əliyevin həmin dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycançılıq ideologiyasının təşviqini daim diqqətdə saxlaması bu baxımdan xüsusi qeyd edilməlidir”.

Tahir Budaqov qeyd edib ki, 1992-ci ilin noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz liderinin ətrafında sıx birləşməsi isə dövlətçilik tariximizin dönüş nöqtəsi – mühüm bir taleyüklü mərhələnin başlanğıcı olub. O bildirib ki, ölkədə xaos və anarxiyanın hökm sürdüyü, qonşu Ermənistanın ozamankı geosiyasi şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarıb və ölkəmizə real müstəqillik qazandırıb: “İctimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, milli birliyin təmini, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik dönəminin ilk Konstitusiyasının qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bununla yanaşı, milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu dünya birliyindən təcrid olunmuş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsini və etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirib”.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, siyasi varisliyin təmin olunması Ulu Öndərimizin uzaqgörənliyinin ən böyük təzahürüdür: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev yolunu tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlət maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirməsi nəticəsində misilsiz nailiyyətlər əldə edildi, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada önəmli tərəfdaş kimi tanındı, nəhayət, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə Zəfər zirvəsinə yüksəldi”.

Tahir Budaqov vurğulayıb ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Bakı Dövlət Universitetində çalışan qabaqcıl elm xadimləri, ziyalılar da Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rol oynayıb, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə ediblər: “Ümummilli Liderimiz məzunu olduğu Bakı Dövlət Universitetinin fəaliyyətinə hər zaman böyük önəm verib, BDU-nun 50, 60, 75 və 80 illik yubileylərində iştirak edərək, bu ali təhsil ocağını “Azərbaycan xalqının milli sərvəti” adlandırıb. Tarixi ənənələrə və zəngin elmi nailiyyətlərə malik olan Bakı Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı, siyasi proseslərdə də fəal rol oynayan, prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən, milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran hədəflərin reallaşmasına önəmli töhfədir”.

Sonra YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Daha sonra YAP sıralarına yeni qəbul olunmuş BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Arzu Orucova və Tarix fakültəsinin II kurs tələbəsi Ayan İsmayılova çıxış ediblər.

Yeni Azərbaycan Partiyasının Himni səsləndiriləndən sonra tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.







Seçilən
0
7
aia.az

10Mənbələr