AZ

"Heydər Əliyev xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu adlandırılır" - Tahir Budaqov

"Bu gün əziz xatirəsini sonsuz ehtiramla andığımız, anadan olmasının 102-ci ildönümünü böyük qürur və minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev istər zəngin dövlətçilik irsi, istərsə də mütərəqqi ideyaları ilə əbədiyaşarlıq qazanmışdır. Fəaliyyətinin bütün dövrlərində Azərbaycan naminə böyük fədakarlıq göstərərək misilsiz xidmətlərə imza atmış Heydər Əliyev haqlı olaraq xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu adlandırılır, onun siyasi irsi və ideyaları isə milli-mənəvi sərvətimiz kimi yüksək dəyərləndirilir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Bakı Dövlət Universitetində keçirilən konfransda deyib.

O bildirib ki, müasir dövlətçilik tariximiz Heydər Əliyev siyasətinin Azərbaycan xalqının taleyində hansı müstəsna əhəmiyyətə malik olduğunu təsdiqləyir: "Müdrik dövlət xadimi Sovet ittifaqı dönəmində Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına müvəffəq olaraq gələcək müstəqilliyinin əsaslarını formalaşdırmışdır. Heydər Əliyevin həmin dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycançılıq ideologiyasının təşviqini daim diqqətdə saxlaması bu baxımdan xüsusi qeyd edilməlidir. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi mərhələdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın rifahı və firavanlığı naminə məqsədyönlü işlər görmüşdür.

Daha sonra Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olaraq blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olmuşdur. Həmin dövrdə - 1992-ci ilin noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz Liderinin ətrafında sıx birləşməsi isə dövlətçilik tariximizin dönüş nöqtəsi - mühüm bir taleyüklü mərhələnin başlanğıcı olmuşdur.

Ölkədə xaos və anarxiyanın hökm sürdüyü, qonşu Ermənistanın ozamankı geosiyasi şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmış və ölkəmizə real müstəqillik qazandırmışdır. İctimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, milli birliyin təmini, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik dönəminin ilk Konstitusiyasının qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin etmişdir. Bununla yanaşı, milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu dünya birliyindən təcrid olunmuş Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsini və etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirmişdir. Bir sözlə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmi – 1993-2003-cü illəri əhatə edən dövr Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması ilə əlamətdardır.

Bilirsiniz ki, Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciəti zamanı dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə müdrik tövsiyələrini vermiş və cənab İlham Əliyevə özü qədər inandığını vurğulamaqla Azərbaycanın gələcəyinə dair aydın baxışını ortaya qoymuşdu.

Azərbaycan xalqı öz Liderinə – Vətən naminə həyatını dəfələrlə riskə atan, bütün maneələrə rəğmən, xilaskarlıq missiyası yerinə yetirməklə ölkənin qurtuluşu və yüksəlişini təmin edən Ulu Öndərə inanırdı. 2003-cü ildə xalqımız Heydər Əliyev siyasətinə bir daha qətiyyətli dəstək verərək - cənab İlham Əliyevə yüksək etimad göstərməklə bu reallığı bir daha əminliklə ifadə etdi.

Siyasi varisliyin təmin olunması Ulu Öndərimizin uzaqgörənliyinin ən böyük təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Heydər Əliyev yolunu tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlət maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirməsi nəticəsində misilsiz nailiyyətlər əldə edildi, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada önəmli tərəfdaş kimi tanındı, nəhayət, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə Zəfər zirvəsinə yüksəldi.

Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər, o cümlədən Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan bugünkü konfrans bütün bu reallıqlara, o cümlədən müstəqillik dövründə ölkəmizdə müasir - hüquqi və demokratik dövlət quruculuğuna, möhtəşəm Zəfər yoluna hərtərəfli nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb etməklə bərabər, gələcək hədəflərin müəyyənləşdirilməsi üçün də olduqca önəmlidir.

Xalqımız hər zaman Heydər Əliyev ideyalarına, Onun zəngin dövlətçilik irsinə sədaqət nümayiş etdirmişdir. Cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Bakı Dövlət Universitetində çalışan qabaqcıl elm xadimləri, ziyalılar da Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rol oynamış, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə etmişlər.

Ümummilli Liderimiz məzunu olduğu Bakı Dövlət Universitetinin fəaliyyətinə hər zaman böyük önəm vermiş, 50, 60, 75 və 80 illik yubileylərində iştirak edərək bu ali təhsil ocağını “Azərbaycan xalqının milli sərvəti” adlandırmışdır".

Onun sözlərinə görə, xüsusi vurğulamaq istəyirəm ki, bu gün tarixi ənənələrə və zəngin elmi nailiyyətlərə malik olan Bakı Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı, siyasi proseslərdə də fəal rol oynayan, prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən, milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar: "Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran hədəflərin reallaşmasına önəmli töhfədir. Sevindirici haldır ki, bu ənənələr davam edir və Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Bakı Dövlət Universitetinin bir qrup nümayəndəsinə bu gün üzvlük vəsiqələri təqdim olunacaqdır. Onların hər birinə Heydər Əliyev yolunda və möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə inam və əzmlə addımlamağı arzulayıram.

Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar nəticəsində müasir dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq. Əminliklə söyləyə bilərik ki, qarşıdakı dönəm də Azərbaycanın davamlı uğurları və milli gücünün daha da artması ilə əlamətdar olacaqdır.

Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcəkdir".

Seçilən
0
1
sia.az

10Mənbələr