AZ

Ayxan Abbasov: “Vəziyyət yaxşı deyil”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Bilirdik ki, “Səbail” son matçlara final kimi yanaşır. Aqressiyaları, istəkləri görünürdü. “Araz-Naxçıvan”la görüşdə də pis oynamamışdılar. Önə keçəndən sonra epizodları dəyərləndirə bilmədik. Hesab 2:0 olsaydı, oyun bitəcəkdi. Penaltidən sonra üstünlük rəqibdə oldu. Bu da normaldır. 1 xal qazandıq. Bu gün azarkeşlər çox idi. Onlara 3 xal hədiyyə etmək istəyərdik. Məğlubiyyətsiz seriyamız davam edir. Bu stabilliyi ikinci dövrədə göstərə bilsəydik, bu gün başqa yerlər uğrunda oynayardıq. İldən-ilə təcrübə qazanacağıq. Çempionatda əsas işimizin öhdəsindən gəlmişik. Futbolçuların peşəkar yanaşması məni sevindirir.

Ayxan Abbasov Edqar Adilxanovun zədəsindən də danışıb: “Zədəsi ciddi deyil. Böyük problem olacağına inanmıram”.

Ayxan Abbasov “Şamaxı”nın büdcəsindən və müqaviləsinin müddəti başa çatan legionerlərlə bağlı vəziyyətdən də söhbət açıb:

“Gözləyirik. Büdcə tam bilinmir. Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla komandanı saxlamışıq. Yəqin yaxın günlərdə bəlli olar. Bəzi futbolçularla müqaviləmiz var. Heyəti qorumaq çətindir. Yenidən komanda qurmaq, seleksiya aparmaq bir məşqçi kimi mənim üçün çətin olacaq. Vəziyyət yaxşı deyil. Artıq builki işimizin öhdəsindən gəlmişik. Gələn mövsümə hazırlıq getməlidir. Biz gecikirik. Kömək olmasa, çox çətin olacaq. Bütün legionerlərlə danışırıq. Rikardo komandanın əvəzolunmaz simasıdır. Təklifləri var idi. Buna baxmayaraq, onunla razılığa gələ bildik”.

“Səbail”in məşqçisi Elvin Məmmədov isə heç-heçəyə belə şərh verib:

“Şamaxı hər komanda üçün çətin səfərdir. Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci yarıda yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik. Qarşıdakı 3 oyuna hazırlaşacağıq. Uşaqlar bu gün həqiqətən də yaxşı mübarizə apardılar. Amma keçmiş qaldı keçmişdə. Qaytara bilmərik. Məşqçiliyə yeni başlamışam. Böyük danışmaq istəmirəm. Amma reallığa baxsaq, həm “Araz-Naxçıvan”la, həm də “Şamaxı” ilə oyunda 2 xal itirdik. Əlbəttə ki, qələbə qazana bilmədiyimiz üçün məyus oluruq”.

Seçilən
0
4
arena.az

9Mənbələr