AZ

Aqrar Sığorta Fondu: Dünyada baş verən təbiət hadisələrinin sayı son 40 ildə 4 dəfə artıb

Bakı, 2 may, AZƏRTAC

Dünya Bankının son hesabatına əsasən, dünya üzrə son 40 ildə baş verən təbiət hadisələrinin sayı 400 faizə qədər artıb. 1980-ci illərdə il ərzində 250 təbiət hadisəsi baş verirdisə, 2020-ci illərdə bu göstərici 900-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov “Aqrobiznesin İnkişafı Forumu-4: Harmoniyaya gedən yol” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, dünyada aqrar istehsala və aqrar iqtisadiyyata ciddi təsir edir və ərzaq təhlükəsizliyinə təhdid yaradır.

“Aprel ayının əvvəllərində ölkəmizdə və qonşu ölkələrdə havaların kəskin dəyişməsini müşahidə edirik. Qardaş Türkiyədə aprel ayının ilk 10 günündə baş verən təbiət hadisələri nəticəsində 1 milyard manatdan çox sığorta hadisəsi baş verib. Bu, ölkədə aqrar istehsalı ciddi təhdid altına alıb. Ölkəmizdə isə aprel ayının ilk günlərində aqrar istehsala 13 milyon manatlıq ziyan dəyib. Bu yalnız sığortalı fermerlərə aid olan rəqəmdir. İlin əvvəlindən isə 26 milyon manatlıq istehsal həcminə tam və ya qismən ziyan dəyməsi barədə müraciətlər daxil olub”, - deyə o qeyd edib.

Qurum sədrinin sözlərinə görə, yeni sığorta modeli ölkədə 5 ildir tətbiq edilir: “Belə ki, ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olan əkin ərazilərinin 94 faizi sığorta xidmətlərinə əlçatanlığı təmin olunub”.

 

Seçilən
0
34
azertag.az

10Mənbələr