RU

Nüvə danışıqları çökür – İsrail İranı vurmağa hazırlaşır: Müharibə qapıdadır

İsrail ordusu Vaşinqton və Tehran arasında aparılan danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşır. Bu barədə CNN telekanalı məlumat yayıb. Bəs bu məlumatın həqiqət payı nə qədərdir? Yaxın zamanda belə bir hücum gözlənilirmi? Moderator.az-a danışan politoloq Turan Rzayev bildirib ki, İsrailin İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyat hazırlıqları haqqında yayılan məlumatlar realdır.
Onun sözlərinə görə, əsas diqqət çəkən məqam ABŞ və İran arasında nüvə proqramı ilə bağlı yenidən intensivləşən diplomatik danışıqların fonunda belə bir informasiyanın mediaya sızdırılmasıdır:
“Bunun təsadüfi olduğunu düşünmürəm. Hələlik bu daha çox psixoloji-siyasi təzyiq xarakteri daşıyır. İsrailin İranın nüvə potensialını milli təhlükəsizliyinə birbaşa təhdid olaraq gördüyü sirr deyil. Tel-Əviv illərdir İranın nüvə proqramını “qırmızı xətt” hesab edir və lazım gəldikdə bu proqramı fiziki olaraq sıradan çıxaracağına dair həm beynəlxalq aləmə, həm də İranın özünə dəfələrlə xəbərdarlıq edib. Bu kontekstdə CNN və digər beynəlxalq media qurumlarında yayımlanan məlumatlar göstərir ki, İsrail İranın nüvə obyektlərinə hava zərbələri endirməyə hazırdır. Belə bir zərbə bölgəni yeni və çoxvektorlu müharibə ilə üz-üzə qoya bilər”.

Politoloq qeyd edib ki, ABŞ-İran münasibətlərində dinamika müşahidə olunsa da, danışıqların 4-cü raundu göstərdi ki, tərəflər hələ də fundamental məsələlərdə bir-birinə çox uzaqdır:
“İran uran zənginləşdirmə fəaliyyətini davam etdirir, Vaşinqton isə sanksiyaların yalnız məhdud şəkildə yumşaldılmasını gündəmə gətirir. Belə bir gərgin və etimadsız mühitdə hər iki tərəf bir-birini zaman qazanmaqla ittiham edir.
İsrailin bu situasiyadan istifadə edərək nüvə obyektlərinə zərbə endirməsi ehtimalı, danışıqlar prosesinin ya tamamilə çökməsinə, ya da çox kəskin bir dönüş nöqtəsinə gətirib çıxara bilər. Belə bir hücum İran daxilində sərt mövqeləri gücləndirəcək, mühafizəkar dairələr nüvə proqramının daha da sürətləndirilməsinə çalışacaq. Eyni zamanda, bu addım Vaşinqtonun diplomatik səylərini gözdən sala, İranın danışıqlardan çıxmasına səbəb ola bilər”.

T. Rzayev İranın strateji obyektlərinə mümkün hücumla bağlı xəbərlər fonunda qlobal enerji bazarında neftin qiymətində baş verən bahalaşmaya diqqət çəkib:
“Bu da onu göstərir ki, beynəlxalq maliyyə və enerji dairələri real təhlükə ehtimalını ciddi qəbul edir: İranın Hörmüz boğazını bağlamaq ehtimalı və regiondakı enerji infrastrukturlarına mümkün cavab hücumları, qlobal enerji təchizatında ciddi təlatümlərə yol aça bilər.
İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı yalnız iki dövlət arasında münasibətlərə təsir göstərməyəcək. ABŞ-İran danışıqları hərbi eskalasiyanın qarşısını almaq üçün son şans ola bilər. Lakin tərəflərin kompromisə hazır olmaması fonunda, hərbi ssenarilər daha real görünür.
İsrailin bu qərarının icrası Tramp administrasiyasının mövqeyindən asılı olmayaraq, ABŞ-ın öz maraqları ilə İsrailin hərəkətləri arasında balansı nə qədər qoruyub saxlaya biləcəyindən asılı olacaq. Hazırkı situasiyada ən optimal ssenari: diplomatiyanın tam gücü ilə işə salınması və regionda yeni hərbi eskalasiyanın qarşısının alınmasıdır”.

Избранный
0
50
moderator.az

10Источники