Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Şəhid-mayor Amid Heydərovun doğum günüdür.
Modern.az xəbər verir ki, şəhid Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak edib, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlığına görə, prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Həmçinin, şəhidimiz Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda göstərdiyi şəxsi igidliyi və şücaətinə görə "Cəbrayılın azad olunmasına görə" medalına da layiq görülüb.
Qeyd edək ki, Amid Heydərov "Aprel döyüşləri"ndə Lələtəpəyə çıxan ilk tankçı olub və 2016-cı ildə Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə vaxtından əvvəl kapitan rütbəsinə layiq görülüb. Ona "Aprel döyüşləri"nin qəhrəmanı da deyirdilər. 44 günlük Vətən Müharibəsində Amid, həqiqətən də qəhrəmana oldu.
32 yaşında hərbi hissə komandiri olan Amid Heydərov, Vətən Müharibəsində də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri olur. Elə ilk gündən cəbhənin ən ağır hissəsində - Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə başlayır. Amidin komandiri olduğu tank düşmənin uzun illərdə qurduğu istehkamlarından açılan atəş nöqtələrini susduraraq taborun arxadan gələn tanklarına yol açırdı. Cəbrayılın Nüzugar kəndi uğurunda gedən döyüşlərdə taborun iki tankı vurulur və bu, komandir Amidi daha da qəzəbləndirir. Yoldaşlarına söz verir ki, onun tanklarını vuran mövqeləri nəyin bahasına olursa vuracaq. Düşmənin müdafiə xəttini yararaq xeyli irəli gedən Amid, arsinalında olan 40 mərmini düşmənin üzərinə yağdırır. Sursatı qutardığı üçün geri qayıtmaq əmri verir, lakin düşmən onu hədəfə alır və 3 dəfə zirehdələn mərmi ilə tankı vururlar. Bundan sonra mayor Amid Heydərovun tankı alovlanır və bütün heyyət sentyabrın 28 də Vətən yolunda qəhrəmancasına şəhid olur.
Amid Vətən müharibəsində də tankın üzərinə “Şuşa son mənzilimiz” yazısını yazmışdı. Çox təəssüf ki, özü ora çata bilmədi, qəhrəmancasına şəhid oldu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Şəhid Amin Heydərov ailəli idi. 2 övladı yadigar qalıb.
Ruhun şad olsun, cənab mayor!