AZ

Qəhrəmanlarımızı ad günlərində ziyarət etdik

44 günlük Vətən müharibəsinin şəhidləri Cəlilov  Sahil Oqtay oğlunun və Əbilov Kamal Vidadi oğlunun ad günlərində xatirələri yad edildi.

17 may şəhidlərimizin ad günü münasibətilə Şərur şəhər Şəhidlər xiyabanında qəhrəmanlarımızın məzarları ziyarət  olunub.Anım mərasimində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Əlahiddə ümum qoşun ordunun əsgər və zabit heyəti, qazilər, müharibə veteranları, Şəhid ailələri, Naxçıvan MR Ali Məclisinin deputatları, dövlət və hökümət nümayəndələrinin də iştirak etdiyi tədbirdə şəhidlərimizin ruhuna dular oxunub, məzarları üstünə tər çiçəklər düzülüb.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində, ondan əvvəlki illərdə və antiterror əməliyyatlarında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb, belə gənclərin gələcək nəsillərə nümunə olduqlarını qeyd ediblər. Ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Sahil, Kamal və onların timsalında Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan xalqının yaddaşında yaşayacağı vurğulanıb.

Sonra şəhid Sahilin qardaşı Cəlilov Samir və Kamalın anası Kəmalə xanım çıxış edərək bu əlamətdar gündə tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirərək, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana təşəkkürünü ifadə ediblər.

Sonda şəhidlərimizin ata evində ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Sahil Oqtay oğlu Cəlilov 17 may 1998-ci ildə Naxçıvan MR Şərur rayonu Dərvişlər kəndində anadan olub. Tam orta təhsilini Dərvişlər kənd tam orta məktəbində alan Sahil 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2019-cu ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlayıb.

Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak edib.

Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq vuruşub. Sahil Cəlilov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sahil Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sahil Cəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sahil Cəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Sahil Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Sahil Cəlilov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Mövlud günü qeyd edilən şəhidimiz Əbilov Kamal Vidadi oğlu 1996-cı ilin mayında Şərur rayonunun Oğlanqala kəndində dünyaya göz açıb. 2004-cü ildə Oğlanqala kənd tam orta məktəbində ilk təhsilinə başlayan Kamal 2011-ci ildə hərb sənətinin təməl biliklərinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.    

2014-cü ildə bu təhsil ocağını bitirən Kamal Əbilov Bakıya yollanıb. Burada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq kursant kimi təhsilini davam etdirir.

2018-ci ildə AAHM-i bitirən Kamal leytenant rütbəsi alaraq N saylı hərbi hissədə fəaliyyətə başlayıb. Leytenant Əbilov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində savaşıb. Kamal sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda" , döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik göstərdiyi üçün "İgidliyə görə" və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında böyük şücaət nümayiş etdirdiyi üçün "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanlar unudulmur..

Ruhunuz şad olsun!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Seçilən
0
11
herbiand.az

10Mənbələr