Rusiya prezidenti Vladimir Putinin mayın 11-də təklif etdiyi İstanbulda sülh danışıqları 2022-ci ildən sonra yenidən bərpa edilib. Hər iki tərəf bir-birini ittiham etdiyindən mayın 15-nə planlaşdırılan danışıqlar baş tutmayıb. Ukrayna prezidenti Zelenski Ankaraya gəlib, lakin Putin Türkiyəyə gəlmədiyi üçün İstanbula getməyəcəyini bildirib.
Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna formatlarında danışıqlar təşkil olunub. Əvvəlcə ABŞ, Türkiyə və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar olub. Saat yarım davam edən görüşdə ABŞ nümayəndə heyətinə danışıqlarda iştirakı əvvəllər açıqlanmayan ABŞ Dövlət katibi Marko Rubio şəxsən rəhbərlik edib.
Görüşün açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, bu gün tərəflərin iki yolu var: qan və dağıntıların davamı, ya da sülh. Seçim Kiyev və Moskvanın ixtiyarındadır. O xatırladıb ki, Ankara müharibənin lap əvvəlindən hərbi əməliyyatların dayandırılması tərəfdarı olub.
Türkiyə liderinin Ukrayna üzrə dialoq platformasının formalaşdırılmasında fəal rolunu qeyd edən nazir Zelenskinin bir gün əvvəl Ankaraya səfərini Rusiya-Ukrayna dialoqunun bərpası istiqamətində mühüm addım adlandırıb.
H.Fidan qeyd edib ki, hazırkı müzakirə Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ilin martından bəri keçirilən ilk birbaşa görüşdür: “Tərəflər bu fürsətdən istifadə etməlidir. Hər yeni gün qurbanların sayının artması deməkdir. Ona görə də atəşkəsin tezliklə və eyni vaxtda əldə olunması kritik əhəmiyyət kəsb edir”, - deyə türkiyəli nazir bildirib.
O, İstanbulda aparılan Rusiya-Ukrayna danışıqlarının dövlət liderləri səviyyəsində görüş üçün zəmin yaradacağına ümid etdiyini bildirib.
“Biz səmimi şəkildə inanırıq ki, konstruktiv dialoq sülhə gətirib çıxara bilər”, - deyən nazir Ankaranın bundan sonra da tərəflərin sülhə doğru irəliləməsinə kömək etməyə hazır olduğunu bildirib.
Sonra isə Dolmabaxça sarayında Türkiyənin də iştirakı ilə Rusiya-Ukrayna danışıqları başlayıb. Danışıqlar bağlı qapılar arxasında aparılıb. Hakan Fidanın sədrliyi ilə keçirilən Türkiyə-Rusiya-Ukrayna üçtərəfli sammiti təxminən 1 saat 45 dəqiqə davam edib.
İstanbul sülh danışıqlarından sonra danışan Ukrayna müdafiə naziri Umerov Rusiya ilə 1000 nəfərin 1000 nəfərə dəyişdirilməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıb. Fərqli üsullar üzərində də çalışdıqlarını bildirən Umerov, "Həmkarlarımız təmasdadır və bütün sənədləri mübadilə edəcəyik. İndi məhbus mübadiləsi aparmağa ehtiyacımız var. Növbəti mərhələnin nə olduğunu tezliklə açıqlayacağıq" dedi.
Rusiya nümayəndə heyətinin rəhbəri Medinski isə danışıqlarda əldə edilən nəticələrdən razı qaldıqlarını və təmasları davam etdirməyə hazır olduqlarını bildirib. Medinski Umerovun dediklərini də təsdiqləyib: “Yaxın günlərdə 1000 məhbusun 1000 nəfərə genişmiqyaslı mübadiləsi baş tutacaq”.
Medinski deyib ki, “Rusiya və Ukrayna mümkün atəşkəslə bağlı öz fikirlərini ətraflı şəkildə təqdim edəcək, bundan sonra danışıqlar davam etdiriləcək.
Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak isə “Telegram” kanalında bildirib ki, Rusiya İstanbulda Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamaq istəyir. Lakin onun bu cəhdləri nəticə verməyəcək.
“Ruslar 2022-ci illə assosiasiyalar qurmaq istəyirlər. Lakin bu danışıqları o dövrlə bağlayan yeganə amil İstanbul şəhəridir. Vəssalam. Rusların bu günü 2022-ci ilə bağlamaq cəhdləri nəticə verməyəcək”, – deyə Yermak vurğulayıb.
TAHİR