Sabah İraqın paytaxtı Bağdadda Ərəb Dövlətləri Liqasının Şurasının 34-cü növbəti ali səviyyəli Sammiti keçiriləcək.
Zirvə toplantısında Fələstin, Livan, Suriyadakı vəziyyət, milli təhlükəsizlik və ərəb dünyasında terrorizmə qarşı mübarizə müzakirə olunacaq. Bir sıra dövlətlərin başçıları və başqa rəsmiləri sammitdə iştirak edəcək.
Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa isə təhlükəsizlik səbəbindən toplantıya qatılmayacaq.
İraqın keçmiş baş naziri Nuri əl-Maliki əş-Şaraanın Bağdad sammitində iştirakına münasibət bildirərək deyib ki, onun indiki kritik vəziyyətdə Bağdadda olması İraqın maraqlarına xidmət etmir. Bununla belə İraqın Baş naziri Şia əl-Sudani onu toplantıya dəvət edib. Suriyanın nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şeybani rəhbərlik edəcək.
Yeri gəlmişkən, İraq hakimiyyəti əvvəllər əş-Şaraanı terror fəaliyyətində ittiham edərək barəsində həbs qətiimkan tədbiri seçmişdi. Bu qərarın ləğv edildiyi hələ məlum deyil. Onun keçmişdə İraq həbsxanasında bir neçə il saxlandığına dair xəbərlər də var.
İraq hökumətinin nümayəndəsi Bassem əl-Avadi jurnalistlərə açıqlamasında bildirib ki, ərəb regionundakı bütün böhranlı məsələlər Bağdad sammitinin gündəliyinə daxil ediləcək. Onun sözlərinə görə, regionun əsas problemləri zirvə toplantısında nəzərdən keçiriləcək.
Bu sammit ƏDL üçün siyasi, iqtisadi, təhlükəsizlik və əməkdaşlıq baxımından yeni şəraitdə keçirilir. Bütün müsəlman və ərəb dünyasının narahat edən məsələlər, qarşıdumaların həlli istiqamətində hərbi, diplomatik addımlar atılıb. Fələstinin Qəzza zolağında, Livanda, Suriyada gərginliyə səbəb olan ocaqlar zəifləyib və sıradan çıxarılıb.
ƏDL-daxil olan bölgədəki gərginliyin aradan qalxmasında üzv ölkələr hərbi əməliyyatlarda fəallıq göstərməsə də, onların vəziyyətlə bağlı atdıqları dinc addımlar, beynəlxalq ictimaiyyətlə intensiv danışıqlar müharibənin regionu və dünyanı bürüməsinin qarşısını alıb. Bu baxımdan ƏDL-yə üzv ölkələrin fəaliyyəti müsbət qiymətləndirilə bilər.
Azərbaycan da 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür. Prezident İlham Əliyev 2022-ci il noyabrın 1-də Liqanın Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirak edib. O toplantıdakı çıxışında bildirmişdi: “Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq... Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Küveyt, İraq, Bəhreynə səfərləri, Birləşmiş Ərəb Əmirlikləri ilə rəsmisi telefon danışığı Prezidentin ikitərəfli əməkdaşlığa önəm verildiyinə dair açıqlamasının təsdiqidir.
Azərbaycan ərəb dövlətləri ilə iqtisadi, ticarət, turizm, mədəni, diplomatik sahələrdə əməkdaşlığı inkişaf etdirmək maraqlıdır.
Rəsmi Bakının İsraillə münasibəti ƏDL ilə əlaqələrə mane olmayıb.
Mayın 12-dən 15-dək ABŞ Prezidenti Donald Trampın regiona səfəri ərəb dünyası ilə münasibətlərdə yeni dönəmin başladığını ehtimal etməyə əsas verir. O, Qəzza zolağından əhalinin tamamilə köçürülməsi, bölgənin yenidən qurulması ilə bağlı təkliflə çıxış edirdi. Ancaq ƏDL Qəzzanın 53 milyard dollarlıq bərpa planını təklif etdi. Tramp da köçürülməyə dair təklifini yeniləmədi. Qəzza əhalisinin sülh və rifah içində yaşamasını bildirdi. Ağ Ev bəyan etmişdi ki, Prezident Tramp Qəzzanın "HƏMAS”sız bərpası təklifini müdafiə edir.
Bu baxımdan Sammitdə Misirin Fələstinlə bağlı layihəsinin qəbul ediləcəyi də istisna olunmur. ƏDL-nin başçısı Əhməd Abul Qeyt bir müddət əvvəl bildirmişdi: “Misir planı indi ümumərəb oldu”.
Misir planını ABŞ ilə ƏDL arasında gələcək əlaqələrin inkişafına dair sənəd olaraq dəyərləndirmək mümkündür.
Çünki səfər zamanı Liqaya üzv dövlətlərlə ABŞ arasında ticarət və sərmayə məsələlərinə dair bir sıra müqavilələr imzalanıb.
Mayın 15-də Donald Tramp və Qətər əmiri Təmim bin Həməd Əl Tani ilə görüş keçirib. Ağ evdən bildirilib ki, bu ABŞ ilə Qətər arasında ikitərəfli ticarət əlaqələrinin artımını stimullaşdırmağa, minlərlə yüksək maaşlı iş yeri yaratmağa, qarşıdakı onillikdə və gələcəkdə hər iki ölkə üçün yeni ticarət, investisiya imkanları açmağa yönəlib. Qətər ABŞ-ın iki aparıcı müdafiə şirkətindən hərbi texnika, o cümlədən ABŞ-nin “General Atomics” şirkətindən təxminən iki milyard dollar məbləğində “MQ-9B” pilotsuz uçuş aparatları sistemi alacaq.
Təhlükəsizlik sahəsində tərəfdaşlığı gücləndirməyə davam etmək niyyəti haqqında birgə bəyanat imzalanıb. Orada 38 milyard dollardan çox potensial investisiya qeyd olunub.
Ümumilikdə ABŞ və Qətər 1,2 trilyon dollar məbləğində iqtisadi əməkdaşlıq sazişi bağlayıb.
Donald Tramp BƏƏ-yə səfərini 200 milyard dollarlıq sazişlə başa vurub. Əbu-Dabidə ABŞ-dan kənarda ən böyük süni intellekt kampusu tikiləcək.
Bloomberg-ün məlumatına görə, Donald Tramp BƏƏ-yə 2027-ci ilə qədər hər il “Nvidia”dan 500 min yüksək məhsuldarlıqlı H100 qrafik prosessorunu idxal etməyə imkan verən sazişi nəzərdən keçirir.
“Boeing” və “GE Aerospace” həmçinin BƏƏ-nin milli daşıyıcısı “Etihad Airways” ilə saziş imzalayıblar. “Etihad GE” mühərrikləri ilə təchiz edilmiş 787 və 777X modelləri daxil olmaqla 28 geniş gövdəli təyyarənin alınmasına 14,5 milyard dollar investisiya qoymağı öhdəsinə götürüb.
Enerji sektorunda “ExxonMobil Corp.”, “Occidental Petroleum Corp.” və “EOG Resources Inc.” daxil olmaqla ABŞ nəhəngləri, 60 milyard dollarlıq saziş çərçivəsində neft və qaz hasilatını genişləndirmək üçün Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə əməkdaşlıq edəcəklər.
Trampın səfəri zamanı Səudiyyə Ərəbistanı ABŞ-yə 600 milyard dollar məbləğində böyük həcmli investisiyalar elan edib. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və güclənməsinə təkan verən amillərdəndir. İnvestisiyalar enerji, müdafiə, texnologiya və infrastruktur daxil olmaqla müxtəlif sektorların gücləndirilməsinə yönələcək.
Ötən il Misirdən ABŞ-yə hazır geyim və aksessuarların ixracının ən böyük payı 1,2 milyard dollardan çox təşkil edib.
2024-cü ildə Misir və ABŞ arasında ticarət dövriyyəsi 8,6 milyard ABŞ dolları təşkil edib ki, bunun 2,5 milyard ABŞ dolları Misir ixracı olub və illik artım 6,7 faiz təşkil edib. ABŞ-ın Misirə idxalı 6,1 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 36 faiz çoxdur. Bu fərq ABŞ-ın xeyrinə 3,5 milyard ABŞ dolları həcmində ticarət balansı kəsiri ilə nəticələnib.
Misirin ABŞ bazarına ixracının qalan hissəsi ötən il belə olub: 175,6 milyon ABŞ dolları dəyərində gübrələr, 169,8 milyon ABŞ dolları dəyərində dəmir, 139,9 milyon ABŞ dolları dəyərində konservləşdirilmiş tərəvəz və meyvələr, 138,9 milyon ABŞ dolları dəyərində xalçalar, 114,5 milyon ABŞ dolları dəyərində meyvə və qoz-fındıq, 103,4 milyon ABŞ dolları dəyərində mədənlər (kükürd, sement, gips), 75,5 milyon ABŞ dolları dəyərində plastik, 67,3 milyon ABŞ dolları dəyərində şüşə və onun komponentləri və 59,7 milyon ABŞ dolları dəyərində təzə tərəvəzlər.
ƏDL üzvü Mərakeş isə ABŞ və Afrika iqtisadiyyatları arasında körpü rolunu oynaya bilər. İki ölkə arasında ticarət və təhlükəsizliyə dair əməkdaşlığı inkişaf etdirmək üçün də əlverişli şərait var.
Bunlar ABŞ ilə ƏDL-ə üzv ölkələr arasında iqtisadi, təhlükəsizlik, energetika, süni intellekt və s. sahələr üzrə əlaqələrin inkişafına dair örnəklərdir.
Tərəflərin əməkdaşlığının genişlənib güclənməsi bu qurumun nüfuzunun da artmasına təkan verər. Habelə gələcəkdə İsraillə ərəb dövlətləri arasında anlaşılmazlığın aradan qalxması, münasibətlərin qurulması üçün də yeni təkliflər edər. ƏDL nüfuzundan gələcəkdə Yaxın Şərq və Afrikadakı münaqişələrin, qarşıdurmaların həllinə də yardım edə bilər. Münasibətlərində gərginlik olan Yaxın Şərq ölkələri ilə ABŞ arasında ƏDL uğurlu vasitəçilik də edə bilər.
Liqanın 34-cü Zirvə toplantısından sonra Yaxın Şərq və ərəb dünyasına yeni dövr başlayacağı ehtimalı artır.