“Barselona”nın sağ cinah hücumçusu Lamin Yamal tarixdə 18 yaşını tamamlamadan La Liqanı iki dəfə qazanmış ilk futbolçu olub.
Arena.az bu barədə “The Touchline”a istinadən xəbər verir.
Bu, ötən gün La Liqanın 2024/25 mövsümünün 36-cı turunda Kataloniya klubunun “Espanyol” üzərində qələbəsi (2:0) sayəsində reallaşıb.
Komandasının çempionluğu rəsmiləşdirdiyi matçda bir qol və məhsuldar ötürmə ilə yadda qalan futbolçu ilk belə titulunu iki il əvvəl, əsas komandada debütündən qısa müddət sonra qazanıb.
Yeri gəlmişkən, Lamin Yamal cari mövsümdə məhsuldar ötürmələrin sayına görə Avropanın top-5 liqalarında üçüncüdür. 17 yaşlı futbolçu bu mövsüm 13 məhsuldar ötürmə müəllifi olub. O, bu baxımdan yalnız “Liverpul”un hücumçusu Məhəmməd Salahdan (18) və “Bayern”in üzvü Maykl Olisedən (14) geri qalır.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 17 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 104 oyun, 24 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Yamal mərakeşəsillidir. Yeniyetmə ulduz tarixi vətəni üçün çıxış etməkdən imtina edərək, İspaniya bayrağı altında oynamağı seçib.