İspaniyanın “Barselona” komandasının sağ cinah hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
O, 18 yaşadək qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində 10 matça çıxmış ilk oyunçu olub.
Yamal son olaraq ötən gün İtaliyada “İnter”ə əlavə vaxtda 3:4 hesabı ilə uduzduqları qarşılaşmada iştirak edib. Kataloniyada rəqibi ilə heç-heçə (3:3) etmiş “Barselona” turnirlə vidalaşıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 102 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Yamal mərakeşəsillidir. Yeniyetmə ulduz tarixi vətəni üçün çıxış etməkdən imtina edərək, İspaniya bayrağı altında oynamağı seçib.