RU

DİM-dən abituriyentlərə ÇAĞIRIŞ – “İmtahan ballarını “artıran” dələduzların toruna düşməyin”

“Qəbul imtahanıda az bal toplamaqdan qorxursansa, bizə müraciət et, balını artıraq”.

Xüsusilə qəbul imtahanları dönəmində sosial şəbəkələrdə tez-tez belə elanlarla rast gəlmək mümkündür. Bir qrup şəxslər az bal toplamış abituriyentlərin ballarını artıracaqları vədi ilə onların valideynlərini inandırmağa çalışırlar. İddialara görə həmin şəxslər bu işi yüksək məbləğ müqabilində görürlər.

Maraqlıdır, imtahan nəticələrinə təsir etmək mümkündürmü? Dövlət İmtahan Mərkəzi (DİM) belə bir “fəaliyyət”dən xəbərdardırmı?  

Mövzu ilə bağlı  DİM-in mövqeyini öyrəndik. Qurumun Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, abituriyentlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip  “təhrikedici” təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər.

Onun sözlərinə görə, abituriyentlər yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və kimsə həmin bala müdaxilə edə bilməz:

“Son vaxtlar “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kəsirlərin düzəldilməsi, hər hansı imtahan ballarının artırılması, və s. qeyri-real çağırışlar etməklə dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur. 

Həmin şəxslər hətta başqa saxta hesablar vasitəsilə öz postlarının altında güya onlara kömək göstərildiyini yazırlar.  İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar.  Hər kəs öz biliyinə güvənməlidir. İstifadəçilər konkret aldadılma faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”. 

Təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli isə dələduzluq hallarının yaranma səbəblərindən danışdı. O qeyd etdi ki, narazılıq, etimadsızlıq artdıqda dələduzlar həmin sahəyə yönəlirlər:

"Dələduzluq hər sahədə baş alıb getdiyi kimi DİM-ə də kənardan müdaxiələlər artıb. Bu, DİM-ə etimadın itməsi ilə bağlıdır. Məlum olduğu kimi son iki ildə həmin Mərkəzin apelyasiya məhkəməsinə şikayət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.  Bu il son həddə - 11 min nəfətə çatdı. Bu artıq ondan xəbər verir ki, DİM öz işində müəyyən qədər yeniliklər etməlidir.

Çünki abituriyentlər bu mərkəzin fəaliyyətinə şübhələrlə yanaşırlar.

Onlar imtahan nəticələri ilə razılaşmır, məhkəməyə müraciət edir, çox hallarda isə istədiklərini təmin edirlər. Belə münbit şəraitdən istifadə edən dələduzlar da abituriyentlərə müraciət edirlər.

Artıq bununla bağlı kifayət qədər aldanan adamlar var. Daxili İşlər Nazirliyinin  (DİN) də xüsusi şöbəsi bu məsələ ilə  məşğul olur və bəzilərini aşkarlayır. Apelyasiyaya müraciət edənlərin əksəriyyəti onların toruna düşür”.

M.Məmmədlinin sözlərinə görə, DİM-in işinə kənardan müdaxilə etmək qeyri-mümkündür.

“Sadəcə olaraq işbazlara fürsət düşüb ki, DİM-in logosunu əldə etməklə mesajlar göndərirlər.

Həmin mesajlarda "biz sizə kömək edərik, imtahan ballarını artırarıq" kimi müraciətlər var. Şagirdlər sosial şəbəkələrdə bu məzmunlu şirnikləndirici mesajlara aldanırlar. Həmin dələduzlarla əlaqə quran kimi abituriyentlərdən, onların valideynlərindən ilkin ödəniş istənilir. Qeydiyyatdan keçmək üçün ödənilən pul müqabilində artıq müəyyən sövdələşmələr yaranır. Rəqəmlər kiçik deyil, kifayət qədər böyük vəsaitlərdir".

Ayşən Rəhim, Bizim.Media

Избранный
0
47
bizim.media

10Источники