RU

Ferran Torres əməliyyat edildi, mövsümü erkən bitirdi

“Barselona”nın 25 yaşlı ispan sağ cinah hücumçusu Ferran Torres təcili surətdə cərrahi əməlyyat masasına qaldırılıb.

Arena.az “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir ki, Torresin appendisiti kəsilib.

AS dərgisinin məlumatına görə, ilkin təxminlərə əsasən, futbolçu üç həftəlik müddət ərzində yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsut ayında “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvar ayında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Torres “blauqrana”nın heyətində 45 oyuna çıxıb, 19 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 158 oyun, 44 qol, 20 məhsuldar ötürmədən ibarətdir.

Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 49 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.

Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var.

Torres İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Ferran yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Избранный
0
1
arena.az

2Источники