AZ

Ferran Torres “Real”a qarşı oyunun qəhrəmanı seçildi

Artıq məlum olduğu kimi “Barselona” cari mövsümün İspaniya Kral Kubokunun final oyununda əzəli rəqibi “Real”ı məğlub edib.

Arena.az məlumat verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatmış oyunun əlavə vaxtında “Barselona” “Real”a daha bir qol vuraraq, 3:2 hesablı qalibiyyətini bayram edib.

İspaniya Kral Futbol Federasiyası (RFEF) final oyunun ən yaxşı oyunçusu açıqlayıb – “Barselona”nın 25 yaşlı ispan sağ cinah hücumçusu Ferran Torres oyunun qəhrəmanı seçilib. İspan hücumçu oyunun 84-cü dəqiqəsində “blauqrana”nın bərabərlik qoluna imza atmaqla, oyunu komandasına qələbə gətirmiş əlavə vaxta daşıyıb.
Həmçinin Torres 6 qolla İspaniya Kral Kubokunun cari mövsümünün ən sərrast qolçusu olub.

Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsut ayında “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvar ayında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Torres “blauqrana”nın heyətində 42 oyuna çıxıb, 18 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 155 oyun, 43 qol, 17 məhsuldar ötürmədən ibarətdir.

Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 49 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.

Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var.

Torres İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Ferran yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
arena.az

1Mənbələr