İspaniya La Liqasının “Malyorka” ilə 36-cı tur ev oyunu “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Mbappe “qaymaqlılar”ın 2:1 hesablı qələbəsinə qolla töhfəsini verib.
“OptaJose” statistik internet-portalının məlumatına görə, bu qol sayəsəində Mbappe “Real”ın argentinalı əfsanəsi Alfredo Di Stefanonun 71 illk rekordunu qırıb.
Belə ki, “Malyorka”nın qapısına vurduğu qol, Mbappenin “Real”da debüt mövsümündə La Liqanın 32-ci oyunuda vurduğu 28-ci qol olub ki, bu da mütləq rekorddur.
Di Stefano 1953/1954-cü illər mövsümündə “Real”da debüt mövsümündə İspaniya çempionatında 27 qol vurmuşdu.
Göründüyü kimi, Mbappe şəxsi rekordunu La Liqanın qarşıdakı son iki tur oyunlarında daha da yaxşılaşdıra bilər.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 53 oyuna çıxıb, 39 qol vurub, 4 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 170 milyon avro məbləğində qiymətləndirir.