RU

Çinə rüsum qərarının dəyişməsi Trampın nüfuzunu daha da sarsıda bilər...


Fikrət Yusifov: “İki ölkənin ticarət münasibətlərində Trampın atdığı addımlarla pat vəziyyəti yaranıb”

Mayın 12-də Ağ Ev məlumat yayıb ki, ABŞ və Çin qarşılıqlı olaraq 90 gün müddətində gömrük rüsumlarının azaldılması barədə razılıq əldə edib. Ağ Evin mətbuata açıqlamasında qeyd olunub ki, ABŞ və Çin hökumətləri ikitərəfli iqtisadi və ticarət münasibətlərinin əhəmiyyətini nəzərə alaraq, mayın 14-dən etibarən rüsumların azaldılmasına qərar veriblər.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, hər iki ölkə qarşılıqlı rüsumları 115 faiz azaldacaq. Bununla da ABŞ tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirəcək.

Məlumat üçün qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp demək olar, bütün ölkələrdən idxal olunan mallara ticarət rüsumları tətbiq ediləcəyini elan edib. Aprelin 9-da isə o, bütün ölkələr üçün tariflərin tətbiqini müvəqqəti dayandırdığını və əsas rüsumu 10%-ə endirdiyini bəyan edib. Ancaq bu, yalnız Çinə aid edilməyib və bu ölkə üçün rüsumlar artırılıb.

Əksəriyyət bəyan edirdi ki, ABŞ digər dövlətlərə güzəştə getsə də, Çinə güzəştə getməyəcək. Ancaq belə olmadı. Maraqlıdır, Çinlə bağlı ABŞ-ın geri addım atması Trampın nüfuzuna necə təsir edəcək? Çinlə bağlı qərarın qlobal iqtisadiyyata təsiri necə olacaq?

“Çinin adekvat cavab verməsi Birləşmiş Ştatlar administrasiyasını çıxılmaz vəziyyətə saldı”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bütün bunlara bir neçə prizmadan yanaşdı: “Əvvəla, Trampın yürütdüyü tarif siyasəti ilk baxışda tam anlaşılandı. Çünki ABŞ-ın xarici ticarət dövriyyəsindəki mənfi saldo 1,2 trliyon dollar səviyyəsindədir. Tramp bir biznesmen olaraq dövlətinin xarici ticarət balansındakı bu uyğunsuzluğu aradan qaldırmağın yollarını arayır. Lakin bu məqsədə onun seçdiyi belə kəskin yolla gedib çatmaq mümkün deyil. Trampın ABŞ-ın xarici ticarət dövriyyəsində on illər ərzində yaranmış bu uyğunsuzluğu bir həmlə ilə aradan qaldırmağa çalşması Amerika cəmiyyətində də birmənalı qarşılanmayıb. Baxın, ABŞ bir il ərzində Çindən 430 milyard dollar həcmində mal-məhsul idxal edir. Bu qədər məhsula 145% idxal rüsumu tətbiq etmək onun dəyərini 430 milyard dollardan 1 trliyon 53 milyard dollara qədər qaldırmaq deməkdir. Bu, Amerika vətəndaşının həmin məhsulları almaq üçün əlavə olaraq 623 milyard dollar vəsait xərcləməsi anlamına gəlir. Bununla Amerika vətəndaşı necə razılaşa bilər?Amerika vətəndaşları D.Trampın Amerika iqtisadiyyatının problemlərini və xarici ticarət balansındakı uyğunsuzluqları aradan qaldırmaq istiqamətində atdığı addımları alqışlasalar da, bu addımlar nəticəsində maddi itkilərlə üzləşməklə heç bir formada barışa bilməzlər. Tramp bunun fərqindədir. O, Çin məhsullarına yüksək idxal rüsumları tətbiq etmək barədə qərar qəbul edərkən Çinin danışıqlar masasına oturub onun təkliflərini qismən də olsa qəbul edəcəyinə inanmışdı. Lakin Çin rəhbərliyi bu məsələdə ağıllı davrandı, dirəniş göstərərək qarşılıqlı qaydada ABŞ-dan idxala adekvat rüsumlar tətbiq etmək barədə qərar qəbul etdi. Bununla da Birləşmiş Ştatlar administrasiyasını çıxılmaz vəziyyətə saldı. Çindən idxal olunan 630 milyard dollarlıq məhsula 145% rüsumun tətbiqi o deməkdir ki, həmin məhsullar ABŞ bazarına sadəcə idxal olunmayacaq. Bu isə bazarda analoji məhsulların qiymətlərinin kəskin şəkildə artması və deməli infilyasiyanın sürətlə böyüməsi demək olacaq. Tramp hakimiyyəti Çindən idxala dair qəbul etdiyi qərara yenidən baxmaq zorundadır. Çünki iki ölkənin ticarət münasibətlərində Trampın atdığı addımlarla pat vəziyyəti yaranıb. Trampın Çindən idxala tətbiq etmək istədiyi rüsumların ölçüləri ağlasığan bir səviyyəyə endirilməzsə, bu bir tərəfdən ABŞ-da infilyasiyanın yüksəlməsinə gətirib çıxarar, digər tərəfdən Çində istehsalın səviyyəsinə təsir edər. Bütün bunlar bütövlükdə dünya iqtisadiyyatına və ticarət sisteminə ciddi mənfi təsirlər edir. Bunu başa düşən ABŞ prezidenti D.Tramp vəziyyətdən çıxış yollarının axtarışı üçün 90 günlük fasilə götürdü. Bunun Trampın reytinqinə təsiri olacaq. Bütün hallar üçün bu problem çözülməlidi. Ən məqbul variant iki ölkə arasındakı ticarət balansında yaranmış uyğunsuzluğu zamanla, mərhələlərlə həll etməkdən keçə bilər. Hesab edirəm ki, sonda belə bir razılığa da gəlinəcək – bunun alternativi yoxdur”.

Vidadi ORDAHALLI

Избранный
0
12
baki-xeber.com

10Источники