AZ

Tramp Si Cinpinlə görüşə hazırdır

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp, Çin ilə davam edən ticarət müzakirələrinin yekun mərhələsində Çin prezidenti Si Cinpinlə birbaşa görüşə biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına verdiyi müsahibəsində danışıb.

ABŞ və Çin arasında əldə olunan tarif razılaşmasının detalları ilə bağlı fikirlərini bölüşən Tramp, yekun razılaşmanın əldə olunmasından əvvəl Si Cinpinlə görüşün mümkün olduğunu deyib.

"Düşünürəm, düzünü desəm, bu görüş mütləq lazımdırmı – buna əmin deyiləm. Amma Böyük Britaniya ilə də bu cür olmuşdu", – deyə Tramp qeyd edib.

Tramp, razılaşmanın ən önəmli hissələrindən birinin Çin bazarının Amerika şirkətlərinə açılması olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, həm ABŞ, həm də Çin üçün yeni imkanlar yaradacaq.

"Məncə bu, həm bizim, həm də Çin üçün həyəcanverici ola bilər. İllər əvvəl biz ABŞ-ı dünya üçün açdıq. İndi isə Çin açılmalıdır. Bu da razılaşmanın əsas hissələrindən biridir", – deyə Tramp bildirib.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında ABŞ prezidenti Donald Tramp Çin də daxil olmaqla əsas ticarət tərəfdaşlarına əlavə gömrük tarifləri tətbiq etdiyini elan etmişdi. Vaşinqton administrasiyası digər ölkələrə tətbiq olunan tarifləri 90 gün təxirə salsa da, Çin üçün bu müddəa qüvvədə olmamış, tariflər dərhal qüvvəyə minmişdi.

Bunun cavabında Çin də ABŞ məhsullarına qarşı yüksək gömrük tarifləri tətbiq etdi. ABŞ Çin mallarına 145 faiz, Çin isə ABŞ məhsullarına 125 faiz tarif qoydu. Bu qarşılıqlı tədbirlər iki ölkə arasında ticarət gərginliyini daha da artırdı.

Müzakirələrin diplomatik müstəviyə keçməsi məqsədilə ABŞ və Çin rəsmiləri mayın 10–11-də İsveçrənin Cenevrə şəhərində bir araya gəldilər. Görüş zamanı tərəflər qarşılıqlı gömrük tariflərinin 90 gün müddətinə azaldılması barədə razılığa gəldilər.

Nəticədə 14 may tarixindən etibarən ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri 145 faizdən 30 faizə, Çin isə ABŞ məhsullarına olan tarifləri 125 faizdən 10 faizə endirməyə razılaşıb.

Seçilən
0
12
turkic.world

10Mənbələr