RU

Bakıda Eqmont Qrupunun Komitə İclası keçiriləcək

Sabahdan başlayaraq 3 gün ərzində Bakıda Maliyyə Monitorinq Xidmətinin (MMX) təşkilatçılığı ilə müxtəlif ölkələrdən maliyyə monitorinqi qurumlarını bir araya gətirən Eqmont Qrupunun Komitə İclası keçiriləcək. SİA bu barədə Xidmətə istinadən xəbər verir.

Eqmont Komitəsi Eqmont Qrupunun daxilindəki bütün qurumların fəaliyyətini əlaqələndirən əsas struktur kimi çıxış edir. Bu əlaqələndirmə Eqmont Qrupunun 2022-2027-ci illəri əhatə edən strategiyasının uğurla həyata keçirilməsində önəm kəsb edir. Eqmont Komitəsi Eqmont Qrupunun rəhbərliyi, icraçı katib, işçi və regional qrupların rəhbərlərindən ibarətdir.

Təxminən 20 yurisdiksiyadan olan maliyyə monitorinqi orqanları nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Həmin nümayəndələr Eqmont Qrupunun dünya üzrə səkkiz regional qrupunu təmsil edirlər.

İclas zamanı iştirakçılar Eqmont Qrupunun hazırkı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar. Tədbirdə həmçinin, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması və maliyyə monitorinqi sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi müzakirə olunacaq.

İclasın yekununda qəbul ediləcək qərar və tövsiyələrin Eqmont Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılmasına, qrupun 2022-2027-ci illər üçün strategiyasına və maliyyə monitorinqi üzrə qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Tədbir Azərbaycanın Eqmont Qrupunun Komitə İclasına ilk dəfə ev sahibliyi etməsi ilə yadda qalacaq. Ölkəmizin maliyyə kəşfiyyatı sahəsində etibarlı beynəlxalq tərəfdaş mövqeyi, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə fəallığı bir daha nümayiş olunacaq.

MMX nümayəndəsi Eqmont Qrupunun Üzvlərə Dəstək və Uyğunluq üzrə İşçi Qrupunun sədri seçilib, bu statusla Eqmont Komitəsinin üzvüdür. Bu, Azərbaycanın Eqmont Qrupundakı fəal iştirakını və liderliyini, həmçinin beynəlxalq maliyyə monitorinqi sisteminin bütövlüyünün qorunmasında artan rolunu əks etdirir.

Избранный
0
3
sia.az

10Источники