AZ

Milanda AİB-in İdarəçilər Şurasının 58-ci illik iclası başlayıb - FOTO

İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının (AİB) İdarəçilər Şurasının 58-ci illik iclası öz işinə başlayıb.

Trend xəbər verir ki, tədbir 4-7 may tarixlərində "Allianz MiCo - Milano Convention Centre" konqres mərkəzində keçirilir.

Bu dəfəki görüşün mövzusu "Təcrübə mübadiləsi, sabahın qurulması" olaraq müəyyənləşdirilib. AİB-in illik görüşünə ilk dəfədir ki, İtaliya ev sahibliyi edir. Tədbirdə AİB-ə üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin və media qurumlarının nümayəndələri iştirak edirlər.

İlk gündə "Qloballaşma - davamlı inkişafın hərəkətverici qüvvəsi kimi", "AİB-in ədalətli keçid çərçivəsində risklərin təhlili", "Hesabatlılıq sisteminin transformasiyası: yeni dövr üçün yol xəritəsi" mövzularında müzakirələr planlaşdırılıb.

Mayın 5-də İdarəçilər Şurasının iclasının rəsmi açılış mərasimi keçiriləcək və bununla da tədbirin rəsmi startı veriləcək. Həmin gün həmçinin idarəçilərin iş sessiyası keçiriləcək. Sessiya zamanı AİB-in maliyyə hesabatları və illik hesabatı müzakirə və təsdiq olunacaq, qətnamələr qəbul ediləcək və iştirakçı ölkələrin bəyanatları səsləndiriləcək. Proqrama, həmçinin AİB-in seminarları və İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin təşkil etdiyi tədbirlər daxildir.

 

Mayın 6-da səhər saatlarında idarəçilərin plenar iclası, günün ikinci yarısında isə "Asiya-Avropa əməkdaşlığı: gələcək dayanıqlılıq naminə" mövzusunda seminar keçiriləcək. Bundan əlavə, proqramda seminarlar, vətəndaş cəmiyyəti tədbirləri və işgüzar görüşlər də nəzərdə tutulub.

Mayın 7-də son işgüzar görüşlər keçiriləcək. Tədbir 2026-cı ildə keçiriləcək növbəti illik görüşə ev sahibliyi edəcək ölkənin təqdimatı ilə başa çatacaq.

Qeyd edək ki, AİB-in 57-ci illik iclası ötən ilin may ayında Gürcüstanın Tbilisi şəhərində keçirilmişdi.

AİB-in İdarəçilər Şurasının illik görüşləri bankın inzibati, maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi üçün bir platforma rolunu oynayır. Bu görüşlər, həmçinin üzv ölkələrin AİB əməkdaşları, qeyri-hökumət təşkilatları, media, müşahidəçi ölkələr, beynəlxalq təşkilatlar, akademik dairələr və özəl sektor nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparmaları üçün imkan yaradır.

  • Milanda
  • Milanda
  • Milanda
  • Milanda
  • Milanda
  • Milanda
Seçilən
0
2
day.az

3Mənbələr