RU

Atasının şəhid olduğu rayonda minaya düşmüşdü - Xəstəxanadan evə buraxıldı

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı, şəhid övladı Xankişiyev Heydər Əli oğlu xəstəxanadan evə buraxılıb. Atasının şəhid olduğu rayonda mina partlayışı zamanı xəsarət alan və nəticədə sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunan Heydər Xankişiyevin vəziyyəti bir aylıq müalicədən sonra yaxşılaşıb. İmişli rayonunun Sarıxanlı kənd sakini Heydər Xankişiyevin müalicədən sonra əsanın köməkliyi ilə qısamüddətli də olsa gəzmək qabiliyyəti bərpa olunub. Nisbətən sağlamlığına qovuşan Heydər Xankişiyevin amputasiya edilmiş ayağında hazırda bir qədər şişkinlik var. Şişklinliyin aradan qaldırılması üçün o, yenidən Bakıdakı özəl klinikalardan birinə yerləşdiriləcək. Burada Heydər Xankişiyevin ayağında rezinlə bandajlama prosesi aparılacaq və evə göndəriləcək. Həkimlərin ailəyə verdiyi məlumata görə, təxmini bir aylıq ambulator müalicədən sonra ayaqdakı şişkinlik aradan qalxacaq və sonra protez qoşulacaq. Bundan sonrakı proses isə ona əlilliyə görə əmək pensiyasının təyinatıdır. Ailənin bildirdiyinə görə, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri Heydər Xankişiyevin vəziyyəti ilə maraqlanıb və ona 6 aydan sonra əlillik təyinatının aparılacağını bildiriblər.   
Qeyd edək ki, Heydər Xankişiyev Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır. Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub. Polis çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Xatırladaq ki, 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən bu il aprelin 6-da piyada əleyhinə minaya  düşmüşdü. O, əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıdakı özəl klinikalardan birinə təxliyə olunmuşdu.

Atif

Избранный
0
xezerxeber.az

1Источники