RU

"Ukrayna və müttəfiqləri Rusiyadan mayın 12-dən 30 günlük atəşkəs tələb edir" - Zelenski

"Türkiyə atəşkəsə nəzarət missiyasının bir hissəsini üzərinə götürməyə hazırdır..."
 
Ukrayna Avropa ölkələri və ABŞ-la birlikdə 12 may- bazar ertəsindən etibarən tam və qeyd-şərtsiz atəşkəsə başlamaq barədə razılığa gəlib. Bu atəşkəsin ən azı 30 gün davam etməsi nəzərdə tutulur.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Qərarlılar koalisiyası" ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bəyan edib. Məlumatı "zn.ua" nəşri yayıb.
 
"Biz bu tələbi Rusiyaya birlikdə irəli sürürük. Bilirik ki, bu məsələdə Amerika Birləşmiş Ştatları bizi dəstəkləyir. Qeyd-şərtsiz atəşkəs o deməkdir ki, heç bir şərt irəli sürülməməlidir. Hər hansı şərtin irəli sürülməsi müharibəni uzatmaq və diplomatik səyləri pozmaq niyyətindən xəbər verir. Atəşkəs hərtərəfli - havada, dənizdə və quruda olmalıdır", - dövlət başçısı qeyd edib.
 
Zelenskinin sözlərinə görə, ABŞ-la koordinasiyalı şəkildə atəşkəsə nəzarətin təmin olunması mümkündür. 30 günlük atəşkəs diplomatiyaya real şans verəcək. "Bu müddət ərzində iş əsasən sülhün təhlükəsizlik, siyasi və humanitar əsaslarının müəyyənləşdirilməsinə yönələcək. Biz atəşkəs və məzmunlu diplomatiyaya keçid tələbinin geniş dəstəklə qarşılanmasını alqışlayırıq. Bu təşəbbüsü yalnız Avropa ölkələri deyil, onu ilk irəli sürən ABŞ da dəstəkləyir", - Zelenski əlavə edib.
 
Ukrayna xarici işlər naziri Andrey Sibiga qeyd edib ki, əgər Rusiya razılaşsa və effektiv nəzarət təmin olunsa, uzunmüddətli atəşkəs və etimadın artırılması tədbirləri sülh danışıqlarına yol aça bilər.
 
Böyük Britaniya baş naziri Kir Starmer bəyan edib: "Əgər Putin sülh yoluna qayıtmasa, biz cavab verəcəyik. Prezident Tramp ilə birlikdə Ukraynanın müdafiə qabiliyyətinə dəstəyimizi gücləndirəcəyik ki, Rusiyanı danışıqlar masasına oturmağa məcbur edək".
 
Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, monitorinqdə əsas rolu ABŞ oynasa da, bu prosesdə bütün tərəfdaşlar iştirak edəcək. "Əgər atəşkəs pozularsa, biz Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqi barədə razılığa gəlmişik. Bu məsələ amerikalılar və avropalılar tərəfindən hazırlanacaq və koordinasiya olunacaq", - Makron vurğulayıb.
 
Almaniya kansleri Fridrix Mers bəyan edib ki, əgər Rusiya atəşkəs təklifini rədd edərsə, Qərb sərt cavab verməyə hazırdır. "Sanksiyalar əhəmiyyətli dərəcədə sərtləşdiriləcək və Ukraynaya siyasi, maliyyə və hərbi dəstək artırılacaq", - Mers xəbərdarlıq edib.
 
O, əlavə edib ki, Trampın Putinə qarşı səbr kasası tükənmək üzrədir. "Bizdə ABŞ-la nə etməli olduğumuz barədə yüksək səviyyəli razılaşma var, mənim üçün də bu, gözlənilməz olub", - o, bildirib.
 
Təşəbbüsə Türkiyə də dəstək verib. Türkiyə xarici işlər naziri Hakan Fidan Kiyevdə keçirilən görüşə onlayn müraciətində bildirib ki, Ankara atəşkəsə nəzarət missiyasının bir hissəsini üzərinə götürməyə hazırdır.
 
Rusiya isə dəfələrlə bəyan edib ki, uzunmüddətli atəşkəs üçün Ukrayna və Qərb ölkələri bir sıra şərtləri yerinə yetirməlidir, onların arasında Qərb silahlarının Kiyevə tədarükünün dayandırılması da var.
Избранный
0
42
moderator.az

10Источники