RU

İkinci Dünya müharibəsinin iştirakçısı: "Məqsədimiz düşmənə bir qarış torpaq verməmək idi"

"Müharibə zamanı SSRİ-nin tərkibində olan bütün xalqlar, millətlər faşistlərə qarşı qəhrəmanlıqla döyüşürdülər".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.az-a müsahibəsində İkinci Dünya müharibəsinin iştirakçısı Qaflan Ömərov deyib.
 
Müsahibəni təqdim edirik:
 
- Qaflan müəllim, ömrünüzün neçənci ilindəsiniz və harada dünyaya göz açmısınız?
 
- 1924-cü ildə Quba rayonunun Ərməki kəndində doğulmuşam.
 
- Müharibəyə yollananda neçə yaşınız var idi?
 
- 1942-ci ildə SSRİ ilə Almaniya arasında başlayan müharibəyə könüllü olaraq qatılmışam. 18 yaşım tamam olmamışdı, könüllü cəbhəyə yollandım. Ön cəbhədə vuruşmuşam.
 
- Bəs hansı sahədə çalışmaq istəyirdiniz?
 
- Prokuror olmaq istəyirdim. Lakin müharibə alovlanandan sonra döyüşə qatılmalı oldum.
 
- Sizin kimi müharibəyə qoşulanlar çox idi?
 
- Bəli, İkinci Dünya müharibəsində faşistlərə qarşı döyüşən vətənpərvər azərbaycanlılar çox idi. Bəzilərinin adlarını unutmuşam. Müharibə zamanı SSRİ-nin tərkibində olan bütün xalqlar, millətlər faşistlərə qarşı qəhrəmanlıqla döyüşürdülər.
 
- Bəs amalınız nə idi?
 
- Biz torpaqlarımızı işğal təhlükəsindən qorumaq üçün döyüşürdük. Məqsədimiz düşmənə bir qarış belə torpaq verməmək idi.
 
- Uğurlu hərbi əməliyyatların sirri nə idi?
 
- Əsas sirr hər kəsin ortaq amalının olması ilə bağlı idi. Hamı eyni məqsəd üçün mübarizə aparırdı.
 
- Döyüşdə göstərdiyiniz hünərə görə neçə dəfə təltif olunmusunuz?
 
- Dəfələrlə təltif olunmuşam. 24 orden-medalım, 100-dən artıq fəxri fərmanım var. Ümummilli lider Heydər Əliyev mənə Bakıda ev, maşın verib, Prezident İlham Əliyev isə hər il pul mükafatı verir.
 
- Müharibədə hansı çətinlikləri görmüsünüz?
 
- Müharibə özü elə çətinlikdir. Bəzən yemək-içmək tapa bilmirdik, qaranlıq yollarda irəliləyirdik. Hər anımız təhlükə idi. Başımızı belə ehtiyatla qaldırırdıq.
 
- Yaralanmısınız?
 
- 1943-cü il martın 6-da ağır yaralandım. Bir müddət hospitalda müalicə olundum və Qubaya qayıtdım.
 
- Cəbhədən sonra nə işlə məşğul oldunuz?
 
- Müxtəlif vəzifələrdə çalışdım.
 
- Neçə övladınız, nəvə-nəticəniz var?
 
- Altı övladım, 16 nəvəm, 38 nəticəm var.
 
 
Избранный
0
1
moderator.az

2Источники