RU

“Azərbaycan” jurnalının əməkdaşları sumqayıtlılarla görüşdü

     “Azərbaycan” jurnalının əməkdaşları mayın 6-da sumqayıtlı ədəbiyyatsevərlərlə görüşdü. Sumqayıt Şəhər Əli Kərim adına Poeziya Evində keçirilən görüşü direktor, tanınmış şair İbrahim İlyaslı açıq elan edərək söz işığına toplaşanları jurnalın yaradıcı kollektivi ilə yaxından tanış etdi və fəaliyyəti barədə məlumat verdi.
     Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin müdiri, şair Gülnarə Cəmaləddin ictimai-siyasi fikrin formalaşmasında, Azərbaycan ədəbiyyatının təbliğində böyük rol oynamış jurnalın bir əsri geridə qoyaraq bu gün də yaradıcılıq fəaliyyətini uğurla davam etdirməsindən bəhs etdi. 
     Jurnalın baş redaktoru İntiqam Qasımzadə sumqayıtlı oxucuların görüşünə böyük sevgilərlə gəldiklərini bildirdi. 102 yaşlı jurnalın fəaliyyətindən, keçdiyi əziyyətli yollarından, öz xatirələrindən danışdı. Tənqidçi, publisist, tərcüməçi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü İntiqam Qasımzadə hələ məktəb illərindən, on yaşından qədəm qoyduğu, 1975-ci ildən çalışdığı jurnalın redaksiyasını doğma evi hesab etdiyini söylədi. Bütövlükdə qanına, canına hopan ədəbiyyatın qaynar qazanı adlandırdığı mətbu orqanın tarixindən söz açdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ədəbiyyatın inkişafı naminə bir sıra çətinliklərlə üzləşən jurnalın çapına və geniş fəaliyyətinə dəstək verildi.
     Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi, publisist, tərcüməçi Nərgiz Cabbarlı tədbir iştirakçılarına jurnalın Azərbaycan ədəbiyyatının inkişaf tarixindəki rolundan, xidmətlərindən danışdı. Redaksiyanın üzərinə düşən ağır missiyanı yüz ildən çox müddətdə böyük şərəflə, qürurla daşıdığını vurguladı.
     Nərgiz Cabbarlı çıxışında ədəbiyyatla, üzə çıxan problemlərlə, ədəbi yeniliklərlə xəbərdar olmaq istəyənlərə jurnalın hər nömrəsini izləməyi tövsiyə etdi. O qeyd etdi ki, yarandığı vaxtdan adı beş dəfə dəyişən jurnalın dəyişməz xüsusiyyəti ədəbiyyat adamına ciddi münasibətdir. Prinsipiallığı ilə fərqlənən bu münasibət ədəbiyyatın xeyrinədir. Bəzən ziddiyyətlər yaranır, hətta jurnal qınaq obyektinə çevrilir. Lakin jurnalın ədəbi prosesləri yönləndirmə baxımından nəyə nail olduğu bilinir. Ədəbi mühitə olan münasibət bəllidir. Redaksiyaya təkcə mətn deyil, həm də ədəbiyyatla bağlı müzakirə olunan məsələlər, nəsr, poeziya, dramaturgiya, tərcümələr təqdim edilir. Yeni çıxan nəşrlərlə bağlı informasiyalar, mövcud problemlər və ədəbi proseslərə jurnalda dürüstlüklə yer verilir.
     “Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva, şöbə müdirləri Məmməd Oruc, Qəşəm Nəcəfzadə, Azad Yaşar, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli, məsul katib Vüsal Nuru çıxış edərək qeyd etdilər ki, jurnalda cərəyan edən hadisələr ədəbi prosesdə canlanan hadisələrdir. Yazı seçimi deyil, yazıya münasibət üstünlük təşkil edir. Uşaq ədəbiyyatından nümunələrə də geniş yer verilməsi nəzərdə tutulur. Dünya ədəbiyyatındakı yeniliklər, təzə üslüblar, cərəyanlar tərcümələrlə Azərbaycan ədəbiyyatına gətirilir. Sözə ciddi, müəlliflərə isə qayğı ilə yanaşılır. 
     Qonaqlar çıxışlarında bildirdi ki, bu il Gənclər Paytaxtı elan olunan Sumqayıt şəhərində insanın ruhu gəncləşir. Müasir Azərbaycan ədəbiyyatında öz yeri olan sumqayıtlı yazarların qələmi yüksək dəyərləndirilir. Bu şəhərdə ədəbi həyatın qaynar köklər üstündə daha da inkişaf etdiyi qeyd edildi. Sumqayıtlı yazarlardan Sabir Sarvan, Vaqif İbrahim, Ağəddin Mansurzadə, Məmməd İlqar, Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Ofelya Babayeva, Xatirə Fərəcli, Zirəddin Qafarlı, Əli Nəcəfxanlı, Nazir Rüstəm, Gülnarə Cəmaləddin, İbrahim İlyaslı və başqa tanınmış imzalar ədəbiyyatda öz təsdiqini tapıb.
     1923-cü ildən təsis edilən, həmin ilin yanvar ayının 28-də ilk nömrəsi işıq üzü görən, üzləşdiyi çətinliklərə baxmayaraq fəaliyyətini fasiləsiz davam etdirən “Azərbaycan” jurnalı  indiyədək müxtəlif - “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət”, “Revolyusiya və kultura”, “Vətən uğrunda”,  “İnqilab və mədəniyyət” adları altında nəşr edilib. Başqa qəzet və jurnallara nümunə olan “Azərbaycan” jurnalı ədəbiyyatımızın güzgüsüdür. Burada ən gözəl ədəbi nümunələr dərc olunur. Baş redaktorlardan Tağı Şahbazi Simurq, Cəlil Məmmədquluzadə, Mehdi Hüseyn, Əbülhəsən, İsmayıl Şıxlı, Qılman İlkin, Cabir Novruz, Yusif Səmədoğlu və  başqa görkəmli simaların jurnalın uzunömürlü olmasında əməyi böyükdür. Hazırda baş redaktor olan İntiqam Qasımzadə jurnalın bundan sonra da nüfuzunun qorunub saxlanılmasına çalışır.
     Geniş ədəbi mühitdə tanınan sumqayıtlı şair və yazıçılardan Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Akif Amal, Sübhan Quliyev, Emin Piri, Almaz Ərgünəş Bəyazid, Mirzəcan Ağabalayev, Əli Niyazbəyli, Süleyman Həziyev, Rəna Təbəssüm, Nuranə Abbasova və başqaları çıxış edərək fikirlərini bölüşdülər. Jurnalın elektron variantda buraxılışı, maliyyə problemləri, abunə yazılışı, oxucularla əlaqənin yaradılma üsulları, imzaların verilmə tərzi barədə söhbətlər maraqla qarşılandı. Poeziya çələngindən dinlənilən poetik nümunələr könülləri oxşadı. 
     Baş redaktor İntiqam Qasımzadə ünvanlanan maraqlı sualları dolğun cavablandırdı və irəli sürülən təkliflərlə razılaşdı. 
     Söz işığına yığışanlar uzunömürlü “Azərbaycan” jurnalını yaşadan əsl sənət, qələm adamlarını alqışlayıb arzu və istəklərini bildirdilər. Başqa nəşrlərə nümunə olan dəyərli mətbu orqanın gələcək nəsillərə ötürülməsi məqsədilə onu qorumağın vacibliyini vurguladılar və abunəçilərin sayının artacağına əmin oldular.
     Jurnalın nümunələrindən, həmçinin yazıçı Məmməd Orucun bu yaxınlarda çapdan çıxan “Köçürülmə” romanı kitab şəklində poeziya evinə hədiyyə olundu. 
     Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsi, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi, Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Klubunun birgə təşkilatçılığı ilə keçirilən ədəbi görüş möhtəşəmliyi ilə yaddaqalan oldu. Jurnalın sumqayıtlı izləyiciləri təşkilatçılara minnətdarlığını bildirdi və xatirə şəkilləri çəkildi. 


RƏNA TƏBƏSSÜM,
AJB-nin və AYB-nin üzvü,
jurnalist, yazıçı-publisist



Избранный
0
herbiand.az

1Источники