RU

Bank kartlarından oğurluqlarda məsuliyyət yalnız müştərinindir?

Bank kartlarından oğurluq halları artmaqdadır. Rəsmilər bildirirlər ki, bu, əsasən vətəndaşların diqqətsizliyindən qaynaqlanır. Lakin bir çox insan bunun yalnız şəxsi məsuliyyətlə bağlı olmadığını düşünür. 

Bank kartlarından pul oğurlanması doğrudanmı yalnız istifadəçidən asılı olan problemdir? Bu halda bankların heç bir məsuliyyəti yoxdurmu?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov artıq 7 ildir ki, "fraud" (dələduzluq) sahəsində çalışan bir mütəxəssis kimi qeyd edib ki, bütün banklarda baş vermiş və baş verməyə cəhd olunmuş dələduzluqların statistikası aparılır:

“Məsələn, gündəlik bank kartlarından oğurluq hallarının statistikası açıqlanır. Əslində isə gerçək rəqəmlər bundan dəfələrlə çoxdur. Çünki banklar bu cəhdlərin əksəriyyətinin qarşısını alır. Lakin bu cəhdlərlə bağlı rəqəmlər açıqlanmadığı üçün əhali arasında təşviş yaranır və banklara olan inam azalır. Düşünürəm ki, o rəqəmlər də açıqlansa, yaxşı olar. Reallıq budur ki, banklar tərəfindən qarşısı alınan dələduzluq cəhdləri, baş verən hallardan bəlkə də 10-20 dəfə çoxdur. Bəzən böyük miqyaslı hücumların qarşısı alınır, amma bu barədə nə statistika verilir, nə də ictimaiyyət məlumatlandırılır. Bu da həmin sahədə çalışan mütəxəssisləri ruhdan salır. "Bank sanki heç nə etmir" kimi yanlış təəssüratlar yaranır. Halbuki bankların əksəriyyətində 24/7 rejimində fəaliyyət göstərən monitorinq xidmətləri var. Şübhəli əməliyyatlar anında aşkarlanır, qarşısı alınır, müştəriyə zəng olunaraq məlumat verilir”.

Ekspert qeyd edib ki, bankların öz daxilində xüsusi bölmələr fəaliyyət göstərir və hər bir dələduzluq halı üzrə araşdırma aparılır: 

“Məsələn, "niyə bu hadisənin qarşısı alına bilmədi?" sualına cavab axtarılır. Statistik olaraq isə bu halların 90%-dən çoxu müştərinin özünün kart məlumatlarını könüllü şəkildə paylaşması səbəbilə baş verir. Əgər müştəri heç bir məlumat paylaşmadığını iddia edirsə, bank bu halları xüsusi araşdırmaya götürür. Həmin kartın məlumatlarına son aylarda kimlərin baxdığı yoxlanılır, loqlardan izlər araşdırılır. Kartın CVC, PIN, 3D kod və digər həssas məlumatlarına isə bank əməkdaşlarının çıxışı yoxdur. Bu məlumatlar yalnız sistem tərəfindən idarə olunur və "PCI-DSS" kimi beynəlxalq standartlarla qorunur.

Əgər məlum olsa ki bank əməkdaşı səbəbsiz yerə kart məlumatına baxıb və sonradan dələduzluq baş veribsə, həmin şəxsə qarşı tədbir görülür. Lakin 7 illik təcrübəm ərzində bank əməkdaşı tərəfindən belə halın baş verdiyinə şahid olmamışam. Bəzən insan faktorundan irəli gələn texniki boşluqlar ola bilər: məsələn, kartın vaxtında bloklanmaması və ya onlayn ödəniş limitlərinin düzgün təyin edilməməsi. Əgər bu sübuta yetirilərsə, müştəriyə kompensasiya ödənilməlidir. Bu, "Mərkəzi Bank"a edilən müraciətlə də təmin edilə bilər”.

“Təəssüf ki, əksər hallarda dələduzluq hallarına səbəb müştərinin özüdür. Lakin bəzən müştəri tamamilə günahsız ola bilər. Məsələn, etibarsız onlayn xidmətlərin bazası qırılaraq müştərinin kart məlumatları oğurlana bilər. Belə hallarda məsuliyyət həmin xidmət təminatçısının üzərindədir.

Müştərilərə tövsiyə olunur ki, "Apple Pay", "Google Pay" kimi ödəniş üsullarından istifadə etsinlər. Bu zaman real kart nömrəsi deyil, token istifadə olunur və oğurluq halında token ləğv edilə bilər. Həmçinin, onlayn ödənişlər üçün ayrı, içində məhdud məbləğ olan kartlardan istifadə etmək tövsiyə olunur”, - deyə ekspet vurğulayıb.

Maya Hüseynova

Избранный
0
valyuta.az

1Источники