RU

AzTU-da ali təhsil sisteminin strateji inkişaf perspektivləri üzrə işçi görüş keçirilib

Azərbaycan Texniki Universitetində universitetin inzibati rəhbərliyi və professor-müəllim heyətinin, həmçinin Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə ali təhsil sisteminin inkişaf perspektivlərinə həsr olunmuş işçi görüş keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, görüşün əsas məqsədi ali təhsil sistemində mövcud problemlərin, onların mümkün həll yollarının və gələcək inkişaf istiqamətlərinin müzakirəsi olub. Tədbirdə AzTU-nun fakültə dekanları, kafedra müdirləri və digər struktur bölmə rəhbərləri fəal iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsi, mütəxəssis hazırlığının keyfiyyətinin artırılması və ali təhsildə idarəetmənin səmərəliliyinin yüksəldilməsi ilə bağlı müxtəlif sual və təkliflər irəli sürülüb.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev çıxışında universitetlərin inkişafında dövlət strategiyasının mühim rol oynadığını qeyd edib və ETN-in bu təşəbbüsünü yüksək qiymətləndirib. Rektor ali təhsil müəssisələri ilə aparılan birgə siyasətin dövlət təhsil strategiyasının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ETN-in Elm, ali və peşə təhsili siyasəti şöbəsinin müdiri Turxan Süleyman ali təhsil sahəsində aparılan islahatlarda universitetlərin dəstəyinin vacibliyini qeyd edib. O, bu məqsədlə ali təhsil müəssisələri ilə keçirilən görüşlərdə toplanan təkliflərin sistemləşdirilərək ayrıca bir portfolio şəklində formalaşdırılacağını və real problemlərin həlli məqsədilə strateji sənədlərdə öz əksini tapacağını bildirib. Həmçinin o, bu formatda görüşlərin ilk dəfə olaraq AzTU-da keçirildiyini və növbəti mərhələdə digər universitetlərdə də davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə həmçinin AzTU əməkdaşlarının irəli sürdüyü fikirlər ETN nümayəndələri tərəfindən cavablandırılıb və qeyd olunan təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib.

Görüş iştirakçıları ali təhsil sisteminin davamlı inkişafı və təkmilləşməsi istiqamətində belə açıq dialoq və əməkdaşlıq platformalarının yaradılmasının ali təhsildə keyfiyyətin artırılmasına mühim töhfə verəcəyini vurğulayıblar.

Избранный
0
tehsil.biz

1Источники