RU

Trampın Kanada ideyası artıq kök salıb - RƏY

Münbit şərait formalaşan kimi ABŞ-nin siyasi elitası yəqin ki, bu məsələni təkrar qabarda bilərlər

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib ki, daşınmaz əmlak sahəsində elə yerlər var ki, heç vaxt satılmır. ABŞ prezidenti isə hazırda baş nazirlə bu mövzunu müzakirə etmək niyyətində olmadığını, lakin hadisələrin bu cür inkişafının Kanadaya bir çox üstünlüklər verə biləcəyini deyib:

 "Heç vaxt heç vaxt demə". Xatırladaq ki, ABŞ lideri dəfələrlə Kanada sakinlərinin çoxunun ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını istədikləri fikrini ifadə edib. O hesab edir ki, belə bir birləşmə Kanadaya iqtisadi sabitlik gətirəcək, ölkəni xüsusilə Rusiya və Çindən gələn xarici təhdidlərdən qoruyacaq. Karni isə ölkəsinin heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə qatılmayacağını dəfələrlə bəyan edib. Tramp ABŞ, Kanada və Meksika arasında azad ticarət haqqında üçtərəfli müqavilənin ləğv edilməsi ehtimalını da istisna etməyib. Prezident bir daha ABŞ-nin faktiki olaraq Kanadaya ildə təxminən 200 milyard ABŞ dolları məbləğində subsidiya verdiyini bildirib: "Bu, çox böyük məbləğdir. ABŞ-nin vergi ödəyicisinə bunu izah etmək çətindir". 

Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, bu, uzunmüddətli strategiyadır. Ekspert vurğulayıb ki, Ağ Ev rəhbərinin mövqeyi o anlama gəlmir ki, Tramp sabah qoşunları Kanadaya yürüdəcək və ölkəni zəbt edəcək: 

"Əlbəttə, belə gedişlər olmayacaq. Sadəcə olaraq uzun müddət ərzində eyni tezisləri təkrarlamaqla və müəyyən addımlar atmaqla Tramp Kanadanın özündə siyasi-sosial baza formalaşdıra bilər. Bu baza nə vaxtsa, yaxın və ya uzaq gələcəkdə ABŞ-yə imkan yaratsın ki, Kanadanı öz tərkibinə salsın. Bu da uzunmüddətli perspektivdir. Amma artıq bu prosesə start verilib. Hətta Donald Tramp hakimiyyətdən gedəndən sonra yerinə gələn şəxs bu iddiadan imtina etsə belə, vəziyyət dəyişməyəcək. Çünki Trampın bu ideyası artıq kök salıb. Münbit şərait formalaşan kimi ABŞ-nin siyasi elitası yəqin ki, bu məsələni təkrar qabarda bilərlər. Ona görə də Trampın siyasəti uzaq perspektivə hesablanıb. Ən azından 5 il Tramp hakimiyyətdə olacaq və Kanada rəhbərliyi ilə görüşü zamanı bu məsələni dilə gətirəcək. Hətta bu istiqamətdə atılan kiçik addımlar müəyyən nəticələr də doğura bilər. Hələlik məqsəd də elə budur".  

Избранный
0
sherg.az

1Источники