RU

Almaniyada yeni hökumət sərhəd nəzarətinin gücləndirilməsi barədə qərar qəbul edib

Berlin, 8 may, AZƏRTAC

Almaniyada rəsmən fəaliyyətə başlayan yeni hökumət qanunsuz miqrasiyaya qarşı dərhal mübarizəyə başlayıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, daxili işlər naziri Aleksander Dobrindtin Almaniyanın quru sərhədlərində bütün miqrantların qanunsuz keçidinin qarşısının alınması üçün sərhəd nəzarətinin daha da sərtləşdirilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, hazırda 11 min nəfər heyəti olan sərhəd xidməti 2-3 min nəfərlik əlavə qüvvə ilə gücləndiriləcək. Həmçinin, qanuni yaşayış sənədi olmayan və sığınacaq tələbi irəli sürən üçüncü ölkə vətəndaşlarının Almaniyaya girişinə icazə verilməsinə dair 2015-ci ildə federal polisə verilmiş şifahi göstəriş də ləğv edilib. Şifahi göstəriş Angela Merkelin hökuməti tərəfindən miqrasiya böhranının tüğyan etdiyi dövrdə verilmişdi. Həmin dövrdə minlərlə insan Almaniya sərhədlərinə axın edirdi.

Qeyd edək ki, Almaniyanın yeni Kansleri Fridrix Mertsin ilk rəsmi səfərini etdiyi Fransada Emmanuel Makron ilə apardığı müzakirələrdə də qanunsuz miqrasiyaya qarşı mübarizənin, o cümlədən sərhəd nəzarətinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Almaniyanın Avstriya ilə sərhədində 2015-ci ildən, Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından yoxlamalar aparılır. Ötən il sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Federal polisin məlumatına görə, bu müddət ərzində 33 min 406 qeyri-qanuni girişin qarşısı alınıb. İlin əvəlindən aprel ayının sonuna qədər isə 10 min 302 nəfər sərhəddə və ya qeyri-qanuni keçidlə əlaqədar olaraq geri qaytarılıb, yaxud ölkədən çıxarılıb.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
0
2
azertag.az

6Источники