RU

İsrail səfirliyinə qarşı TERROR CƏHDİ – SAXLANILANLAR VAR

Britaniyada İsrail səfirliyinə qarşı planlaşdırılan terror aktı ifşa edilib.

Böyük Britaniyanın təhlükəsizlik qüvvələri Londonda yerləşən İsrail səfirliyinə qarşı planlaşdırılan terror aktını vaxtında ifşa edərək qarşısını alıb.

KONKRET.az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu “The Telegraph” nəşri məlumat yayıb. Qeyd edilib ki,  hadisə ilə bağlı saxlanılan şəxslərdən dördü İran vətəndaşıdır. Terror aktının həyata keçirilməsinə cəmi bir neçə saat qalmış onların tutulduğu bildirilir.

Belə ki, hadisə 4 may tarixində baş verib. Britaniyanın terrorizmlə mübarizə üzrə ixtisaslaşmış polis bölmələri bu tarixdə ümumilikdə beş nəfəri saxlayıb. Saxlanılanların dördünün İran İslam Respublikasının vətəndaşı olduğu qeyd olunur. Hazırda Böyük Britaniya xüsusi xidmət orqanları həmin şəxslərin xarici təşkilatlarla mümkün əlaqələrini və bu əməliyyatın arxasında dayanan məqsədləri araşdırır.

Rəsmi London insidenti ölkə ərazisində sabitliyi pozmaq və beynəlxalq münasibətlərə zərbə vurmaq məqsədi daşıyan bir təxribat cəhdi kimi qiymətləndirir. Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə, xüsusilə də İsrail və İran arasında gərginliyin artması fonunda belə cəhdlərin intensivləşməsi təhlükəsizlik qurumlarının diqqət mərkəzindədir.

Hələlik İran tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Britaniya hüquq-mühafizə orqanları isə istintaqın davam etdiyini və əlavə məlumatların yaxın günlərdə ictimaiyyətlə bölüşüləcəyini bildirib.

Natiq Səlim,
KONKRET.az

Избранный
0
konkret.az

1Источники