RU

"Hindistan və Pakistan: yeni geosiyasi şəraitdə köhnə münaqişə" - İsrail mətbuatı

Hindistan və Pakistan arasında son hərbi qarşıdurma iki nüvə silahlı ölkə arasında genişmiqyaslı müharibə riskini artırıb.
 
Moderator.az xəbər verir ki, "Detaly.co" nəşri bu barədə ətraflı məlumat yayıb.
 
Məqalədə bildirilir ki, Hindistan ötən ay Kəşmirin Pahalqam bölgəsində 26 mülki vətəndaşın qətlə yetirilməsinə cavab olaraq, Pakistan ərazisində yerləşən və terrorçularla əlaqəli olduğu iddia edilən doqquz düşərgəyə raket zərbələri endirib. Bu hücumlar son 50 ilin ən böyük Hindistan hava hücumu kimi qiymətləndirilir.
 
Pakistan isə bu hücumlarla əlaqəsini rədd edərək, "nəzarət xətti" boyunca intensiv artilleriya atəşi açıb və Hindistana məxsus hərbi təyyarələrin vurulduğunu bəyan edib.
 
Qeyd edək ki, Hindistan və Pakistan tarixdə üç dəfə — 1947, 1965 və 1971-ci illərdə müharibə aparıb. Son illərdə isə 2001, 2016 və 2019-cu illərdə ciddi gərginliklər yaşanıb. Lakin bu dəfəki qarşıdurma dəyişən beynəlxalq geosiyasi mühitdə baş verir və nəzarətdən çıxma təhlükəsi yaradır.
 
Hindistan rəsmiləri bildiriblər ki, hava zərbələri yalnız terrorçu düşərgələrinə yönəlib və Pakistanın mülki və iqtisadi infrastrukturuna ziyan vurulmayıb. Bu, İslamabada vəziyyətdən çıxış imkanı yaratmaq məqsədi daşıyır.
 
Pakistan ordusu isə cavabın istədikləri vaxt və məkanda veriləcəyini bildirib. Rəsmilər mümkün qarşı hücumların simvolik hədəflərə yönələcəyini və qurbanlara səbəb olmayacağını vurğulayıblar.
 
ABŞ və Çin faktorunun təsiri
 
"Bloomberg" qeyd edir ki, bu dəfəki Hindistan-Pakistan qarşıdurması daha mürəkkəb beynəlxalq şərtlər fonunda baş verir. 22 aprel terror hücumunda hədəf alınanlar əsasən hindu kişiləri olub və hadisə Kəşmirdə iqtisadi dirçəliş əlamətlərinin müşahidə olunduğu vaxta təsadüf edib.
 
Eyni zamanda ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Hindistana səfəri Vaşinqton-Dehli tərəfdaşlığını gücləndirmək məqsədi daşıyıb. Buna cavab olaraq Hindistan Pakistanla su resurslarının birgə istifadəsinə dair razılaşmanı dayandırıb.
 
Digər tərəfdən, Çin Pakistanla 55 milyard dollarlıq "Bir kəmər, bir yol" layihəsi çərçivəsində iqtisadi dəhliz inşa edir. Pekin tərəfləri təmkinə çağırsa da, Pakistanı "sarsılmaz dost" və "strateji tərəfdaş" adlandırmaqda davam edir.
 
Bütün bu amillər göstərir ki, Hindistan və Pakistan arasındakı gərginlik artıq regional çərçivədən çıxaraq, ABŞ və Çin arasında gedən yeni soyuq müharibənin təsir dairəsinə daxil olub.
 
ABŞ prezidenti Donald Tramp isə məsələ ilə bağlı qısa açıqlamasında belə deyib:
"Onlar uzun zamandır döyüşür. Sadəcə, bunun tezliklə bitəcəyinə ümid edirəm."
Избранный
0
moderator.az

1Источники