RU

"PSJ-ni finala bir qarış daha yaxın olan komanda sayıram" - Aslan Kərimov

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin cavab oyunundan - bu gün baş tutacaq PSJ - "Arsenal" matçından sonra finala hansı komandanın finala yüksələrək "İnter"ə rəqib olacağı barədə fikirlərini bölüşüb.

O, Fanat.Az-ın sualını belə cavablandırıb:

"Həddindən artıq çətin sualdır (gülür). Bunu heç bir mütəxəssis dəqiq deyə bilməz. Dünənki "İnter" - "Barselona" oyunu sübut etdi ki, bu səviyyədə oyunlarda son saniyəyə qədər hər şey dəyişə bilər. Əslində, ilk yarıda 0:2 hesabı ilə geri düşən "Barselona" 3:2 önə keçmiş, "İnter"ə ağır anlar yaşatmağı bacarmışdı. Sona yaxın daha bir qol vuran meydan sahiblərinin uzatma dəqiqələrində vəziyyəti xeyirlərinə dəyişməsi olduqca maraqlı alındı. 

PSJ - "Arsenal" matçı da belə qarşılaşmalardandır. İngiltərə təmsilçisi Parisdə oynasa da, güclü təzyiq etməyi bacaracaq. Düzdür, PSJ-ni dörd yarımfinal iştirakçısı arasında finala bir qarış daha yaxın olan komanda sayıram. Yarımfinal oyunlarından öncə də finala çıxacaqlarını güman edirdim. Səbəb Paris təmsilçisinin güclü heyətidir. Dembele bir, Kavaratsxeliya digər cinahda çox şey etməyə qadirdirlər. Fransa komandasının həm yarımmüdafiə xətti əzəmətlidir, həm də müdafiəsi olduqca balanslıdır. PSJ heç Neymarın, Messinin vaxtında indiki qədər balanslı deyildi. Luis Enrikenin çalışdırdığı kollektiv Avropada ən balanslı komandalardan biri, bəlkə də birincisidir. Yəni bir addım öndə görünürlər. Amma "Arsenal"ı da hesabdan silmək olmaz. Mikel Artetanın rəhbərliyi altında çox yaxşı futbol sərgiləyirlər. "Topçular" İngiltərə Premyer Liqasına xas təzyiq, meydanın hər qarışı uğrunda mübarizə sayəsində istəklərinə çatmağa çalışacaqlar. İngilislər topla hərəkət edən rəqibə meydanın çox yerində eyni anda iki futbolçu ilə pressinq tətbiq etməyi bacarırlar. Hər şeyə rəğmən, PSJ-nin səfərdə 1:0 hesabı ilə qalib gəldiyini də unutmamalıyıq. Bu üstünlük az şey deyil".

Nihat 

Избранный
0
fanat.az

1Источники