Almaniyanın sənaye şirkətlərindən gələn sifarişlərin həcmi mart ayında əvvəlki ayla müqayisədə 3,6% artıb, ölkənin Federal Statistika İdarəsi (Destatis) bildirib.
Finss.az xəbər verir ki, analitiklər orta hesabla 1,3% artım proqnozlaşdırmışdılar.
Fevralda sifarişlərin həcmi yanvar ayı ilə müqayisədə dəyişməz qalıb.
Nəqliyyat mühəndisliyi seqmentində (təyyarə, gəmi, qatar, hərbi nəqliyyat) sifarişlər mart ayında 13%, sənaye avadanlıqları sektorunda 5,3%, avtomobil sektorunda isə 2,5% artıb. Elektrik avadanlıqları üzrə sifarişlər 14,5%, əczaçılıq məhsulları üzrə isə 17,3% artıb.
İstehsal malları üzrə sifarişlər mart ayında 3,7%, aralıq mallar üzrə 2,5%, istehlak malları üzrə isə 8,7% artıb.
Daxili sifarişlərin həcmi 2%, xarici sifarişlərin həcmi 4,7% artıb. Avrozona ölkələrindən sifarişlər 8%, digər ölkələrdən isə 2,8% artıb.
Mart ayında Almaniyanın sənaye şirkətlərindən sifarişlərin ümumi həcmi 2024-cü ilin eyni ayındakı göstəricidən 3,8% çox olub.