Bakıda 44 yaşlı avtobus sürücüsü sərnişini boğmağa çalışıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 76 saylı marşrut üzrə hərəkətdə olan avtobus dayanacağa daxil olub.
Həmin vaxt dayanacaqda avtobus gözləyən sərnişinlərdən biri sürücüyə gec gəldiyi üçün irad tutub. Sürücünün sərnişinə kobud cavab verməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı sürücü sərnişinin ailə üzvlərini təhqir edib. Daha sonra sürücü sərnişini oturacaqdan qaldıraraq boğazından yapışıb və boğmağa çalışıb. Sərnişinlər onları ayırıblar.
Zərərçəkmiş sərnişin hadisə ilə bağlı polisə məlumat verib.
Sabunçu Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib və təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə sürücüyə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilib.