1989-1990-cı illərdə nazir müavini vəzifəsində çalışmış 74 yaşlı Fitts keçmiş "Fox News" aparıcısı Taker Karlsonun YouTube kanalına müsahibəsində, Miçiqan Dövlət Universitetinin iqtisadçısı Mark Skidmorun 2017-ci ildə yaydığı hesabata istinad edərək, 1998-2015-ci illər arasında Müdafiə, Mənzil və Şəhərsalma departamentlərində 21 trilyon dolların icazəsiz xərcləndiyini bildirib.
Fitts, bu pulun ictimaiyyətdən gizli saxlanılan yeraltı şəhərləri və buralardakı nəqliyyat sistemlərini maliyyələşdirmək üçün istifadə edildiyini iddia edib: "Biz fövqəladə sayda yeraltı bazalar və sözdə nəqliyyat sistemi inşa etmişik".
Fitts hesabatda qeyd edilən 21 trilyon dolların hara getdiyini iki il ərzində araşdırdığını və təkcə ABŞ-da 170 gizli obyektin olduğunu göstərən dəlillər tapdığını iddia edib. O, sözügedən gizli şəhər və ya bazaların bəzilərinin ABŞ ətrafındakı okeanların altında inşa edildiyini iddia edib.
Karlsonun yeraltı tikililərin məqsədi ilə bağlı sualına Fitts, onların insanların nəsli kəsilmək təhlükəsi ilə üzləşə biləcəyi vəziyyətlərdə istifadə edilmək üçün tikildiyinə inandığını söyləyib. Fitts həmçinin bu bazaların hökumətin gizli kosmik proqramlar kimi layihələr üçün da istifadə oluna biləcəyinə inandığını bildirib. (Baki-xeber.com)