Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 5-də keçirdiyi brifinqdə daha bir anti-Rusiya bəyanatı ilə çıxış edib.
Publika.az xəbər verir ki, Simonyan Ermənistana qarşı hibrid müharibə aparıldığını bildirib. O, buna vaxtaşırı aktivləşən “xaricdən... şimal qonşusu tərəfindən” çoxlu pullar xərcləndiyini də iddia edib.
“Onlar arasında Ermənistan Respublikasının suverenliyini sevmədikləri üçün “hakimiyyəti dəyişməyə”, mitinqlər keçirməyə və s. cəhd edən erməni soyadlı rusiyalı ekspertlər də var”, - Simonyan deyib.
Parlamentin sədri bu bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra verib. Maraqlıdır, Kopırkin Simonyana nə çatdırıb ki, son vaxtlar yumşaltdığı anti-Rusiya ritorikasını sərtləşdirib?
Politoloqlar hesab edirlər ki, Kopırkin növbəti dəfə Ermənistana Kremlin sərt xəbərdarlıqları haqda mesaj verib. Ola bilsin ki, bu xəbərdarlıqlar arasında “istədiyimiz vaxt hakimiyyəti dəyişə bilərik” mesajı da olub.
Bu da Paşinyanın komandasını qəzəbləndirib və Simonyanın sərt bəyanatlar verməsinə gətirib çıxarıb. Ekspertlər bildirilər ki, ola bilsin, Simonyandan sonra Paşinyan da Rusiya əleyhinə sərt bəyanat verəcək. Böyük ehtimalla, Qələbə Paradı üçün gedəcəyi Moskva səfərindən dərhal sonra.