RU

Əməliyyatda səhvə yol verən həkim qərardan narazıdır: “Bu, min xəstədən birində baş verə bilər”

Ali Məhkəmədə "Bioloji Təbabət" klinikasının Masallı rayonundakı filialının cərrahı Qəhrəman Aydının barəsindəki qərardan verilən kassasiya şikayətinin dəlilləri məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə məhkumun müdafiəçisinin kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin barəsində olan 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunub.

 

Şikayətdə qeyd olunub ki, Qəhrəman Aydın heç bir cinayət törətməyib, nə ibtidai istintaq zamanı, nə də məhkəmədə özünü təqsirli bilməyib: “Belə ki, xəstə zərərçəkmiş şəxs ona qədər iki dəfə əməliyyat olunmağına baxmayaraq sol ayağının düşüklüyü düzəlməyib. Əməliyyat zamanı bütün taktika və texnikanı tam şəkildə yerinə yetirib. Yəni TƏBİB-in protokollarına uyğun hərəkət edib. Sadəcə olaraq zərərçəkmiş şəxs əməliyyatdan sonra ağırlaşma baş verib. Bu da qaçılmazdır. Yəni min xəstədən birində baş verə bilər. Xəstənin yaxınlarına başa salmışdır ki, 6 ay fizioterapiya olunarsa, sağalma ola bilər. Lakin xəstənin yaxınları bundan imtina etmişdir”.

 

Həmçinin şikayətdə qeyd edilib ki, iş üzrə məhkumun əleyhinə verilmiş ekspertiza rəyləri ilə razı deyillər.

 

Eyni zamanda şikayətdə xahiş olunub ki, məhkum təyin edilmiş əlavə, yəni həkimneyrocərrah kimi fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası ləğv olunsun, əsas cəza isə daha yüngül cəza növü ilə əvəz edilsin.

 

Məhkəmə kollegiyası hesab edib ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir.

 

Qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd: "Bioloji Təbabət" klinikasının neyrocərrahı Qəhrəman Aydının barəsində Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq-vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb. O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb. Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki siniri kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb. Məhkəmədə Qəhrəman Aydın ekspertiza rəyi ilə razı olmadığını bildirib. O, A.Adıgözəlovanın müalicəsi və sağalması üçün tibbi üsulların mövcud olduğunu deyib. Zərərçəkmiş tərəf isə cərrahın onu ömürlük şikəst etdiyini bildirərək cəzalandırılmasını, dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini tələb edib. Masallı Rayon Məhkəməsinin hökmü ilə Qəhrəman Aydın 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. Ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Əlavə olaraq mülki iddia qismən təmin edilib. Cərrahdan 15 226 manat pul tutularaq A.Adıgözəlovaya ödənilməsinə qərar verilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

 

Kamal Məmmədov

 

Tarix: 6 May 2025, 08:37   
Избранный
0
2
pravda.az

3Источники