Akif Nəsirli: “Azərbaycanda qiymətli kağız bazarı zəif inkişaf edib”
Son zamanlar Azərbaycan vətəndaşları arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı populyarlaşmağa başlayıb. Bunu həm yerli iqtisadiyyatın inkişafı, həm də qlobal maliyyə bazarlarına marağın artması ilə əlaqələndirirlər.
Məlumat üçün bildirək ki, qiymətli kağızlar əsasən səhmlər, istiqrazlar, fondlar və digər maliyyə alətləri kimi müxtəlif investisiya vasitələrini əhatə edir. Xarici birjalarda isə bu qiymətli kağızlar bir çox fərqli ölkələrin və şirkətlərin təklif etdiyi investisiya məhsullarını əldə etmək imkanı verir. Məsələn, ABŞ, Avropa və Asiyanın böyük şirkətləri və dövlətləri öz səhmlərini və istiqrazlarını beynəlxalq birjalara çıxarır.
Maraqlıdır, bunun vergi öhdəlikləri varmı? Ümumiyyətlə, bu sahədə əsas risklər nələrdir?
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a şərhində bildirdi ki, istənilən ölkə vətəndaşı beynəlxalq bazarlarda səhm alqı-satqısı ilə məşğul olursa, bu proses hansı ölkədə həyata keçirilirsə oranın qanunvericiliyi ilə vergi ödənilməlidir: “Azərbaycan vətəndaşı olmasından asılı olmayaraq şəxs istənilən ölkədə alqı-satqı edirsə, həmin ölkəyə də vergi ödəməlidir. Bu hal Azərbaycan vətəndaşlarının imkanlarının genişlənməsinə, ölkə iqtisadiyyatına müsbət təsir kimi dəyərləndirilməlidir. Qeyd edilən sahədə risqlər var. Bu da böhranla bağlıdır, həmçinin, qiymətli kağız alqı-satqısı ilə məşğul olanlar daim araşdırma aparmalı, vəziyyəti düzgün təhlil etməlidir. Adətən böhran dönəmində səhm almaq risq sayılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda qiymətli kağız bazarı zəif inkişaf edib. Səhm alqı-satqısı Vergi Məcəlləsinin 96.5-ci və 104.6-ci maddələrilə tənzimlənir. Səhmin nizamnamə dəyəri real satış dəyərindən çıxılır, qalan hissə səhm alanın gəliri kimi vergiyə cəlb edilir.
Günel CƏLİLOVA