Fransız keçmiş sol cinah yarımmüdafiəçisi Jerom Roten, “Barselona”nın 17 yaşlı ispaniyalı yeniyetmə cinah hücumçusu Lamin Yamalı tərifləyib.
Arena.az xəbər verir ki, o, Yamalı “blauqrana”nın argentinalı əfsanəsi, hazırda “İnter Mayami”də çıxış edən 37 yaşlı veteran hücumçu Lionel Messi ilə müqayisə etməyin də əleyhinə deyil:
“Biz onu Messi ilə müayisə etməliyik, dünya futbolunda ən yaxşı oyunçu, ola bilsin ki, tarixin ən yaxşı oyunçusu ilə. Biz dühalar haqda danışırıq. O, yalnız 17 yaşındadır, amma artıq “Barselona” və İspaniya millisində əsas oyunçulardan birinə çevrilib. Yamalın bacarıqları inanılmazdır, lakin unutmayın ki, o hələ uşaqdır. Ona çox böyük gözləntilər yükləmək və davamlı olaraq “yeni Messi” adlandırmaq düzgün deyil. Təzyiq onu məhv edə bilər. Gənc istedadların inkişafı üçün səbir lazımdır. Onun driblinqi, intuisiyası və qərarvermə qabiliyyəti çox yüksək səviyyədədir. Yamalın gələcəyi parlaq ola bilər, əgər fiziki və psixoloji cəhətdən düzgün istiqamətləndirilsə. Amma unutmayın ki, hər uğurlu karyera düzgün planlaşdırma və dəstək tələb edir”, deyə Jerom Roten vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 100 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Yamal mərakeşəsillidir. Yeniyetmə ulduz tarixi vətəni üçün çıxış etməkdən imtina edərək, İspaniya bayrağı altında oynamağı seçib.