RU

Namizədlərin fərqli taleyi – Bölgə azarkeşləri buna necə sevinməsin?

Ötən həftə “Sabah”la heç-heçə “Qarabağ”a növbəti, 12-ci çempionluğu gətirdi.

Qızıl medalların “köhlən atlar”a nəsib olacağı çoxdan bilinirdi.

Mövsümü ikinci sırada başa vuracaq komandanın adı da böyük ölçüdə məlumdur. Uzun müddətdir ikinciliyi heç kimə verməyən “Zirə” “Turan Tovuz”u məğlub edəcəyi halda, gümüş medalların taleyinə aydınlıq gələcək.

Əsas mübarizənin “bürünc” uğrunda getdiyi heç kimə sirr deyil. Söhbət “Araz-Naxçıvan”la “Turan Tovuz”un “qırğın”ından gedir.

Əslində, dava medal davası deyil. Hər iki komanda taleyinin ölkə kubokundan asılı olmamasına çalışır ki, mövsümü üçüncü sırada başa vurmaqla Konfrans Liqasına vəsiqəni təmin etsin.

“Araz”la “Turan”ın öz aralarındakı oyunlar başa çatıb. Bu, o deməkdir ki, bürünc medalların taleyinə qarşıdakı 4 tur aydınlıq gətirəcək.

Adlara və qüvvələr nisbətinə nəzər salanda təqvimin qərb təmsilçisinin üzünə güldüyünü deyə bilərik. “Turan” heç də yaxşı günlərini yaşamayan “Neftçi”ylə elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”i öz meydanında qəbul edəcək. Səfər edəcəyi ərazilər isə Zirə və Sumqayıt olacaq.

Göründüyü kimi, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivin qarşılaşacağı dörd komandadan cəmi biri (“Zirə”) ciddi hədəflər uğrunda mübarizə aparır. Digər üçünün “ələyi ələnib, xəmiri göydə fırlanır”.

33-cü tur. Zirə - Turan Tovuz

34-cü tur. Turan Tovuz – Neftçi

35-ci tur. Sumqayıt – Turan

36-cı tur. Turan – Kəpəz

Bir də “Araz-Naxçıvan”ın oyunlarının siyahısına baxaq. “Qırmızı-ağlar” çempionluğu rəsmiləşdirən, gümüş medallara əsas namizəd, ölkə kubokunun finalına vəsiqə qazanan və öz meydanında bütün rəqiblərinə çətinlik yaradan komandalardır.

Araz-Naxçıvan – Sabah

Qarabağ – Araz-Naxçıvan

Şamaxı – Araz-Naxçıvan

Araz-Naxçıvan – Zirə

Əlbəttə, təqvimin bu cür olması “Turan Tovuz” camiəsini sevindirməyə bilməz. Ələ bu cür imkan düşüb.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
0
sportinfo.az

1Источники