Bakı, 2 may, AZƏRTAC
BMT strukturlarının genişmiqyaslı yenidən qurulması nəzərdən keçirilir.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə BMT-nin daxili sənədinə istinadla məlumat yayıb.
Məlumata əsasən, gələcəkdə qurumun mühüm bölmələri birləşdirilməli və dünya üzrə resurslar yenidən bölüşdürülməlidir. Məxfi sayılan sənəddə BMT-nin onlarla qurumunun dörd əsas bölmədə - Sülh və təhlükəsizlik, Humanitar məsələlər, Davamlı inkişaf və İnsan hüquqları bölmələrində cəmlənməsi təklif edilir.
Sənəd təşkilatı daha səmərəli və qənaətcil etmək məqsədilə Baş katib Antoniu Quterrişin mart ayında formalaşdırdığı işçi qrupu tərəfindən hazırlanıb.