“Son proseslər fonunda Donald Trampla Vladimir Putin arasında yaxınlaşmasından sonra dünyanın bir çox ölkəsində ABŞ-da belə hesab edilir ki, onların münasibətlərinin yaxşı olması Rusiyaya keçmiş imperiyanı bərpa etmək şansı verir. Məntiq olaraq bunu qəbul etmək mümkündür”.
Bunu Editor.az-a siyasi analitik Asif Nərimanlı ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Trampla-Putin yaxınlaşmasının Rusiyaya imperiyasını bərpa etmək imkanı yaratması barədə fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın əsas hədəfi keçmiş postsovet məkanında əvvəlki təsir imkanlarını əldə etməkdir:
“Ukrayna müharibəsinin də başlama səbəblərindən biri məhz budur. Ukrayna müharibəsi Rusiyanın istədiyi formada başa çatarsa, bu, ona keçmiş postsovet məkanında təsirlərini bərpa etmək imkanı verəcək. Ancaq burada qəbuledilməyən məqam keçmiş imperiyanın necə bərpa edilməsi məsələsidir ki, SSRİ-nin bərpası mümkün deyil. Rusiya sadəcə keçmiş SSRİİ məkanında müəyyən qədər təsir imkanlarını bərpa edə bilər. Tamamilə bərpa etməsi isə mümkün deyil. Çünki kifayət qədər qan itirib və postsovet məkanında alternativ güclər də iştirak edir. Bura Qərb, ABŞ, Aİ, Çin faktorları daxildir. Rusiyanın əvvəlki təsirini tamamilə bərpa etməsi tam inandırıcı deyil, ancaq ən azı müharibə dövründə itirdiyi təsirlər var ki, Cənubi Qafqazda daxil olmaqla bütün postsovet məkanında onu müəyyən qədər bərpa edə bilər.
Ancaq bu ərazi və sistem baxımından SSRİ imperiyasının bərpası ilə ola bilməz. Qərb mediasında “imperiya bərpası” deməklə daha çox məsələləri gündəmdə saxlamağa çalışırlar. Boltun açıqlaması da məntiqlidir, ancaq bu, hansı formada baş tutacaq mübahisəlidir. Bu cür açıqlamalar həm də Trampın Putinlə danışıqlarının əleyhinə olan qruplar tərəfindən də yayılır. Boltun da ABŞ-da Rusiya əleyhinə olan bir şəxsdir. Bu baxımdan bir tərəfdən də onun açıqlaması Tramp-Putin anlaşmasını qəbul etməməsindən qaynaqlanır”.
//Gülnarə Abasova, Editor.az