Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Zelenskinin 9 May Qələbə Günündə Putinin atəşkəs təklifini rədd etməsi və Moskvada dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyinə dair açıqlamasına münasibət bildirib.
Medvedev "Kim onun zəmanətini axtarır? Sadəcə şifahi təxribat. Başqa heç nə", - deyə bildirib.
Medvedev sosial media hesabındakı açıqlamasında daha sonra Ukraynaya sərt xəbərdarlıq edib: “Zelenski Qələbə günü real təxribat olacağı halda, Kiyevin mayın 10-nu görəcəyinə heç kimin zəmanət verə bilməyəcəyini yaxşı bilir”.
Tərəflər arasında diplomatik çəkişmə 9 May Qələbə Günü ərəfəsində gərginliyin daha da artacağından xəbər verir. Rusiya Ukraynanın mümkün hücumuna “sərt” cavab verəcəyi barədə xəbərdarlıq edir, Ukrayna tərəfi isə Rusiyanın təxribat hazırladığını iddia edir.
Diplomatik dairələr 9 May bayramının dinc keçib-keçməyəcəyini maraqla izləyir. Xüsusilə Medvedev kimi Rusiyanın yüksək səviyyəli şəxslərinin bu cür bəyanatları regionda gərginliyin daha da arta biləcəyi ilə bağlı narahatlıq yaradır.
TAHİR