
Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumlarını davam etdirən ABŞ ordusu bu dəfə qəza xəbəri ilə gündəmə gəlib.
Reyting.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə üzən USS “Harry S.Truman” təyyarə gəmisindəki F/A-18E Super Hornet döyüş təyyarəsinin gəminin anqar hissəsinə çəkilərkən idarəetmədən çıxaraq dənizə düşdüyünü açıqlayıb.
Təyyarənin yedəkçi traktorunun da dənizə düşdüyü və bir personalın yüngül xəsarət aldığı bildirilir.
Məsələ ilə bağlı araşdırma aparılır.
Qəzanın “Harry S. Truman” təyyarədaşıyan gəmisinin əməliyyat imkanlarına təsir etmədiyi vurğulanıb.
ABŞ mətbuatı hərbi mənbələrə istinadla yazır ki, USS “Harry S. Truman” təyyarə gəmisinin husilərin hücumundan xilas olmaq üçün kəskin manevr etməsi döyüş təyyarəsinin dənizə düşməsinə səbəb olub.
Husilərin hərbi sözçüsü Yəhya Sare son açıqlamasında Qırmızı dənizdə USS “Harry S. Truman” təyyarə gəmisi və onun döyüş gəmilərinə genişmiqyaslı hücum həyata keçirdiklərini açıqlayıb.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, bir ədəd F/A-18 döyüş təyyarəsinin qiyməti 60 milyon dollardan çoxdur.
ELÇİN